Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini şərh edərkən deyib.
Ü.Cəfərov qeyd edib ki, döyüş atışlı taktiki təlimlərə Türkiyə Silahlı Qüvvələrinin böyük təcrübəyə malik şəxsi heyəti cəlb olunub: "Onlar Türkiyə ərazisində və NATO-nun digər ölkələrdə keçirdiyi təlimlərdə iştirak ediblər. Onların bilik və bacarıqları bu gün bizim zabitlər tərəfindən hərtərəfli öyrənilir. Bu, Azərbaycan Silahlı Qüvvələri üçün çox böyük imkanlar yaradır. Sirr deyil ki, Azərbaycan Silahlı Qüvvələri son illər təcrübəsini bir qədər də genişləndirib. Türkiyənin isə taktiki təlimlərlə bağlı çoxillik ənənəsi var. Ona görə də türkiyəli hərbçilərin bir müddət bundan öncə təlimlərlə bağlı Azərbaycana gəlməsi və rəsmi qarşılanması da adi hadisə deyildi".
Ü.Cəfərov qeyd edib ki, təlimdən öncəki məşq prosesi zamanı türkiyəli zabitlər Azərbaycan əsgər və zabitlərinin hazırlıqlarını çox yüksək qiymətləndiriblər: "Artıq təlimlər başlayıb və təlimlərin bu mərhələsində Azərbaycan əsgərləri və zabitləri üzərlərinə düşən vəzifəni ən yüksək səviyyədə yerinə yetirirlər".
Ekspert onu da bildirib ki, bu təlimlər təcrübə baxımından bizim üçün çox önəmlidir: "Yeni silahlar alınıb, təlimlərdə yeni şəxsi heyət iştirak edir. Bundan əvvəl təlimlərdə iştirak edənlərin bir qismi ehtiyata buraxılıblar, bir qismi başqa hərbi birləşmələrdə xidmətlərini davam etdirirlər. Bu təlilmlərdə yeni bilik və vərdiş alan əsgər və zabitlərimiz növbəti təlimlərdə artıq Türkiyə Silahlı Qüvvələrinin iştirakı olmadan da sərbəst şəkildə qarşıya qoyulan vəzifələri yerinə yetirə biləcəklər. Başqa sözlı, bu təlim bilavasitə təcrübəli təlimatçıların, artıq nəzəri biliklərə malik olmuş şəxslərin praktiki cəhətdən hazırlanmasına bənzər bir prosesdir. Ümumiyyətlə, bu təlimlər Azərbaycan Silahlı Qüvvələri üçün çox vacib təlimlərdən biri sayılır".
Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən hər iki ölkənin silahlı qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb.
Səxavət HƏMİD