13 May 2017 09:14
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 13-də “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın 45 yaşı tamam olur. Bu münasibətlə Azər bəyi təbrik etmək qərarına gəldik. Jurnalistin təbriki nə olar?! Əlbəttə, yubiliyardan müsahibə götürmək. Və bu müsahibə həmkarımızın doğum gününə Teleqraf.com-un kiçik ərməğanı olsun dedik...

– Azər bəy, doğum gününüz mübarək. Qırx beş yaşın astanasındasız. Bu, Sizin bioloji yaşınızdır. Maraqlıdır, bəs ruhunuzun yaşı neçədir? Özünüzü mənən neçə yaşda hiss edirsiniz?

– Təbrikə görə çox sağ olun, minnətdaram. İnsan özünü neçə yaşda sayırsa, elə o yaşda da olur. İnsan olur, gəncdi, amma baxırsan, ruhu əldən düşüb. Nə vaxt dindirirsən, zarıyır, ah-of edir. Həyatla dil tapa bilmir, pozitiv heç nə olmur onun üçün. Adam da olur, baxırsan, xeyli yaşı var, di gəl, həyata dörd əllə bağlıdı. İşləyir, çalışır, enerji doludu.
Həyat tərzim, məşğul olduğum peşə elədir ki, mən zamanın necə gəlib keçdiyini fərq edə bilmirəm, buna sadəcə vaxt tapmıram. 25-30 yaşdakı vaxtlardan indi daha çox çalışıram. Əslində, ən yaxşısı da budur: iş, ictimai-siyasi proseslərin içində olmaq insanı bədbinləşməyə qoymur. Bu cür iş qrafiki insanı daim formada saxlayır.

– Qırx beş az yaş deyil. Bəzən bu yaşa ömrü yarı etmək yaşı da deyirlər. Bəs mətbuat yaşınız neçədir?
– Öncə bir qeydimi deyim. Ömrün harada yarı olub-olmadığını Allah bilər. Təklif edirəm, biz onun işlərinə qarışmayaq. Qaldı ki, 45 yaşın az, ya da çox olmasına... Bilirsiniz, ictimai-siyasi proseslərdə olan insan üçün 45 yaş əslində kifayət qədər gənc dövr sayılır. Bu dövrə qədər qazanılan təcrübə bankından ciddi şəkildə istifadə etməyə başlayırsan. Mətbuatda olduğum dövrə gəlincə isə... 1991-ci ilin noyabrından "Yeni Müsavat"dayam. Arada başqa qəzetlərdə çalışmışam. Sonra yenə "Yeni Müsavat"a qayıtmışam. 2005-ci ilin yanvarından "Yeni Müsavat"ı baş redaktorun 1-ci müavini vəzifəsində təmsil edirəm.

– Baş redaktorunuz qardaşınızdır. Maraqlıdır, işdə qardaşınızla münasibətləriniz hansı formadadır? Qardaşlıq, yoxsa rəhbər-işçi münasibətləri üstünlük təşkil edir?
– Rauf bəylə münasibətimiz elə formalaşıb ki, bunun üçün xüsusi bölgü aparmağa ehtiyac qalmır. Biz onunla daha çox dostuq desəm, ifrata varmış olmaram. Rauf Arifoğlu işdə, öz komandasında hər kəslə qardaş münasibəti saxlayır. Mühiti, münasibətlər sistemini elə formalaşdırıb ki, hər addımda xüsusi olaraq rəhbər obrazında görünməsinə ehtiyac qalmır. Hər kəs öz işini bilir və o işi peşəkar və vicdanlı şəkildə aparır. Mən də o sıradayam – üzərimə düşən işi qüsursuz və vicdanla icra etməyə çalışıram.

– Rauf bəy Sizə daha çox böyük qardaş kimi tapşırıq, tövsiyə və məsləhət verir, yoxsa baş redaktor kimi?
– Az öncə də dediyim ki, bizim aramızda daha çox dostluq münasibəti var. Amma dediyiniz məsələ vəziyyətə görə dəyişə bilir. Bəzən ona böyük qardaşım kimi ehtiyacım olur, bəzən baş redaktorum kimi, bəzən də dostum, sirdaşım kimi.

– "Yeni Müsavat"a gəldiyiniz ilk dövrlərlə indiki arasında hansı fərqlər var? Bu suala iki aspektdən cavab verməyinizi istərdik. Həm Siz "Yeni Müsavat"a gələndə "Yeni Müsavat" necə idi, indi necədir, həm də özünüz necə idiniz, indi necəsiz?
– Mən "Yeni Müsavat"a gələndə SSRİ yenicə süqut etmişdi. Müstəqil Azərbaycan Respublikası hələ heç formalaşmamışdı. Sadəcə olaraq ölkənin müstəqillik aktı qəbul edilmişdi. O dövrlə indiki dövrün fərqi nədirsə, o zamanların "Yeni Müsvat"ı ilə indikinin fərqi odur. Bu müqayisəni həm fərd olaraq, həm də qəzetçi olaraq mənə də aid etmək olar.

– İsa Qəmbər qəzetin təsisçiliyindən imtina etdikdən sonra qəzet tam müstəqil oldu. Bu müstəqilliyin üstün və çatışmayan cəhətləri hansılardır?
– İsa Qəmbərlə bağlı epizod artıq öz aktuallığını itirdiyi üçün bu sualın üstündə xüsusi olaraq dayanmaq istəməzdim.

– Bu yaşda həyatdan başlıca gözləntiniz nədir?
– Həyat elədir ki, ondan hər yaşda nəsə gözləyirsən. Mənim də özümün şəxsi və ümumi planda həyatdan gözləntilərim var. Şəxsi plandakı gözləntilərimin oxucu üçün elə bir əhəmiyyətinin olduğunu zənn etmirəm. Amma ümumi plandakı gözləntim, arzum, istəyim ölkəmlə, onun sabahı ilə bağlıdır. Bunların da içərisində heç şübhəsiz, ilk sırada Qarabağ məsələsinin həlli gəlir. Qarabağ azad edilməsə, biz xalq olaraq heç vaxt xoşbəxt ola, rahat yaşaya bilməyəcəyik.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər