21 İyul 2014 09:56
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun 2-ci mərhələsi - test imtahanları keçirilir.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, imtahanlar bir həftə davam edəcək. Test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumat hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə məlumat göndərilib.

Test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin əsas və 2-ci korpusunda keçirilir. İmtahanın gedişinə video-nəzarət edilir.

Test imtahanının nəticəsinə görə seçdiyi vakant yerə işə qəbul olunmaq hüququnu qazananlar üçün 30 iyul 2014-cü il tarixindən müsahibələr təşkil olunacaq və onların şəxsi səhifəsinə bu barədə məlumat göndəriləcək. Müsahibə proqramı Təhsil Nazirliyinin rəsmi internet saytının “Müəllimlərin işə qəbulu” səhifəsində yerləşdiriləcək.

Qeyd edək ki, 15 gün ərzində ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 2975 vakant yerə 17962 nəfər ərizə verib.

Müraciət edənlər arasında ibtidai sinif (4996), ingilis dili (2578), Azərbaycan dili və ədəbiyyat (2190), riyaziyyat (1477), tarix (1156) və informatika (1113) müəllimi ixtisaslarını seçənlərin sayı daha çox olub. İlkin təhlil göstərir ki, Bakı şəhərində olan vakant yerlər digərlərinə nisbətən çox seçilib. Belə ki, Bakı şəhərinin bəzi məktəbləri üzrə bir ingilis dili müəllimi yerinə 1200-dən, bir ibtidai sinif müəllimi yerinə 800-dən artıq ərizə qeydə alınıb.


Müəllif: