10 İyul 2017 21:37
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa-Türkiyə münasibətlərinin pisləşməsi hər halda daha çox Avropanın özünə ziyan gətirəcək.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu bildirib. O qeyd edib ki, ümumiyyətlə, Türkiyədən imtina əslində Avropa İttifaqının özü üçün həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən müəyyən problemlərə yol açacaq: “Əslində Türkiyə bu gün Avropa İttifaqının, ümumiyyətlə Avropanın qapısı funksiyasını yerinə yetirir. Əgər biz Yaxın Şərqdəki prosesləri, miqrant problemlərini də nəzərə alsaq, Türkiyə məhz o qapıdır, o səddir ki, Avropanı müəyyən mənada qoruyur, Avropanı daha uzaq məsafədə, daha sakitlikdə saxlamağa xidmət edir. Bu gün Türkiyədən imtina əslində Avropa üçün bu qapıdan, bu təhlükəsizlik zolağından imtina etmək deməkdir. Yəni, bu çox ciddi məsələdir”.

V.Zifəroğlu qeyd edib ki, 2015-ci, 2016-cı illərdə Avropanın paytaxt şəhərlərində – Brüsseldə, Parisdə bir-birinin ardınca baş verən terror aktları əslində terror təhlükəsinin dünyanın istənilən yerlərində var olduğunun göstəriciləri idi: “Yəni, əgər bu gün Yaxın Şərqdə radikal qruplaşmalar fəaliyyət göstərirsə, “bu qruplaşmaların bir qolu da öz sözünü Avropada deyə bilər” anlamını ifadə edirdi. Bu mənada təbii ki, Türkiyənin təhlükəsizliyi təmin edən sərhəd kimi rolu əvəzsiz idi. Bir haşiyə çıxmaq istəyirəm. “Soyuq müharibə” illərində NATO, ümumiyyətlə Qərb bloku Sovet İttifaqına qarşı mübarizədə məhz Türkiyəyə “stavka” edirdi və Türkiyənin hazırlanmasında, ön plana çıxarılmasında maraqlı idilər. Bu gün də eyni zamanda Yaxın Şərqdəki proseslərdə, eləcə də Rusiya ilə bağlı olan məqamlarda Türkiyənin dəstəklənməsi vacib olduğu halda Türkiyəni çıxdaş etmələri, onu özlərindən kənarda saxlamaları gələcəkdə onların özləri üçün müəyyən fəsadlara yol aça bilər”.

Ekspert bildirib ki, üstəlik, bu işin iqtisadi tərəfləri də var: “Türkiyə həm də tranzit ölkədir. Türkiyə istər dəniz, istərsə də quru tranzit layihələrində, nəqliyyat dəhlizlərində açar dövlətdir. Yəni, bunun özü də Avropa üçün mənfiliklərə yol aça bilər. Bu mənada əslində Avropa Türkiyə ilə münasibətlərində daha korrekt və daha dözümlü davranmağa məcburdur”.

Bəs, Avropanın aparıcı dövlətləri ilə münasibətlərin pisləşməsindən Türkiyə nə itirəcək? V.Zifəroğlu deyib ki, bu gün Avropa klublarının hansı dərəcədə perspektiv vəd etdikləri də görünmür: “İstər ATƏT, istər Avropa İttifaqının, istərsə də digər Avropa təşkilatlarının hansı müsbət perspektiv vəd etdiyi sual işarəsi altındadır. “G-20” sammiti zamanı ABŞ-ın özünün mövqeyində də maraqlı məqamlar oldu. ABŞ-ın addımlarından da hiss etmək olardı ki, Avropaya, Avropa təşkilatlarına, onların gələcək perspektivlərinə münasibət məsələsində Vaşinqtonun özündə də müəyyən inamsızlıqlar var. Yəni, bu məsələni də qeyd etmək lazımdır”.

Bununla belə, müsahibimiz Türkiyənin NATO üzvü olduğunu xatırladıb: “Bu mənada Avropanın gələcəkdə Türkiyəyə münasibətdə atdığı addımlara yenidən baxacağını və ya buna qayıdacağını ehtimal etmək mümkündür. Türkiyədən tamamilə imtina etmək Qərb üçün sözün həqiqi mənasında istər Yaxın Şərq, istərsə də Rusiya amilinə görə çox mənfi nəticələrə gətirib çıxara bilər. Bu mənada mənə elə gəlir ki, ən azı bu nöqteyi-nəzərdən Avropa qapıları hər halda tam bağlamayacaq. Yaxud, qapıları tam bağlaya bilməz”.
Qeyd edək ki, son günlərdə Türkiyənin bir sıra Avropa ölkələri və təşkilatları, o cümlədən Almaniya, ATƏT və “Amnesty International”la münasibətləri pisləşib.

Səxavət HƏMİD


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər