Teleqraf.com xəbər verir ki, bu fikirləri Respublikaçı Alternativ (ReAL) Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli deyib.
O, 30 il bundan öncə, 1987-ci il iyulun 18-də Avropa Parlamentinin qəbul etdiyi sosialistlərin təşəbbüsü əsasında “Erməni məsələsinin siyasi həllinə dair” qətnaməni xatırladıb: “O dönəmdə bizim çox şeydən xəbərimiz olmayıb. Bu gün geriyə baxanda aydın olur. Məsələn, 1987-ci ilin iyul ayının əvvəlində mən Naxçıvandan avtobusla Gəncəyə gedirdim, 15 yaşım vardı. Günorta saatlarında avtobus İrəvanda dayandı, sürücü 1 saatlıq nahar fasiləsi elan etdi. Sərnişinlər də yaxınlıqdakı kafelərə yeməyə getdilər. Mən təkdim, yeməyə həvəsim olmayıb, hava da həmin gün çox isti idi. Çıxdım, bir az gəzdim. Erməni satıcılar Bakıdan gəldiyimi bilib çox mehriban davranırdılar. Nifaq, ədavət ya da başqa nə isə duymadım. Üstündən təxminən 6 ay keçəndən sonra soydaşlarımızı oralardan qovmağa başladılar. Arada da həmin dönəmdə Mixail Qorbaçovun müşaviri olmuş Abel Aqanbeqyan Parisdə verdiyi müsahibəsində Dağlıq Qarabağın Emənistana verilməsinin önəmindən danışdı. Həmin qətnamədə maraqlı məqamlar var. Yazıblar ki, Türkiyə erməni soyqırımını tanımaqdan imtina etməklə ermənilərin öz tarixlərinə sahiblənmək haqqını pozur. Ermənilərin haqlarını pozduqlarına görə İranı və SSRİ-ni qınadıqlarını yazıblar. Qeyd ediblər ki, erməni terroristlərinin erməni xalqına aidiyyatı yoxdur. Üstəlik Avropa Parlamentinin ermənilərin xüsusi kimliklərini inkişaf etdirmək arzusunu dəstəklədiyini yazıblar”.
Erkin Qədirlinin fikrincə, qətnamədə vurğulanan “xüsusi kimliyi inkişaf etdirmək arzusu, “öz tarixlərinə sahiblənmək haqqı” ifadələrinin heç bir hüquqi anlamı yoxdur: “Qətnamənin tamam başqa məqsəd daşıdığı aydındır. Daha doğrusu, bu gün aydındır. Zamanında anlamış olsaydıq, bu günə düşməzdik”.