Bu sözləri Teleqraf.com-a açıqlamasında “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli bildirib.
Onun sözlərinə görə, Rusiyada formalaşmış erməni ticarət şəbəkələri məhsullarımızın qonşu ölkə bazarlarına daxil olmasının qarşısını almaqda maraqlıdırlar: “Media qurumlarımızdan xahiş edirik ki, bu cür məlumatları yayarkən diqqətli olsunlar”.
Nicat Nəsirli əlavə edib ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC fəaliyyətə başladığı dövrdən, yəni 2017-ci ilin yanvar ayının 1-dən Azərbaycan məhsullarının xarici bazarlara ixracını xüsusi diqqətdə saxlayaraq, 7 ay ərzində 11 növdə 39 min 348 ton və ya 46 milyon 893 min manatlıq meyvə-tərəvəz məhsulları ixrac edib: “Pomidor məhsulu ixracda xüsusi yer tutur. İndiyə qədər Səhmdar Cəmiyyət 3 növ olmaqla 16 min 344 ton və ya 25 milyon 963 min manatlıq pomidor ixrac edib və proses fasiləsiz olaraq davam etdirilir. Məhsullar göndərilərkən fitosanitar keyfiyyət göstəricilərini təsdiq edən yoxlamalar keçirilir, sənədlərlə təmin olunur. Bu günə qədər nəinki pomidor, heç bir məhsulun keyfiyyəti haqqında Rusiyanın nə rəsmi orqanlarından, nə də istehlakçılarından şikayət daxil olub”.
Qeyd edək ki, son zamanlar Rusiya mətbuatı Azərbaycan pomidorunun bazarlara buraxılmaması ilə bağlı məlumatlar yayır. Bu gün yayılan xəbərdə də bildirilir ki, Rusiyanın Kalininqrad vilayətində Baytarlıq və Fitosanitariyaya nəzarət üzrə Federal Xidmətinin əməkdaşları ("Rosselxoznadzor") Azərbaycandan gətirilən 18 ton təzə pomidor məhsulunun ölkəyə daxil olımasına icazə verməyib. Bu, fitosanitar tələblərin pozulması ilə əsaslandırılıb. Məhsulun ölkəyə daxil edilməsi qadağan olunub.