Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, Azərbaycanın sosial dövlət olmaq fəlsəfəsi onun konstitusiyasından irəli gəlir: “Ötən illər ərzində ölkəmizin digər prioritet istiqamətlərinin inkişafı, mövcud problemlərin həlli ilə bağlı ən müxtəlif addımlar atıldığı kimi sosial problemlərin həlli də xüsusi diqqət mərkəzində olub. Bunun üçün bəzi hallarda xüsusi dövlət proqramları qəbul edilib, bəzi hallarda ölkədaxili xüsusi layihələr həyata keçirilib və keçirilir. Bütövlükdə sosial problemlər və onların həlli daim Azərbaycan Prezidentinin diqqət mərkəzində olub. Nəzər salsaq görərik ki, indiyədək ölkədə regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə dövlət proqramı qəbul olunub. Bu proqram regionlarda işsizliyi aradan qaldırmaqla yanaşı, eyni zamanda əhaliyə sosial rifah bəxş edib. Regionlarda kommunikasiyaların, yolların çəkilməsi, idman qurğularının yaradılması, sənaye mərkəzlərinin formalaşdırılması, məşğulluğun artırılması kimi ardıcıl tədbirlər həm işsizliyin aradan qaldırılmasına, həm də əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edib”.
H.Babaoğlu qeyd edib ki, bütövlükdə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən sosial siyasətin əsaslarına diqqət yetirsək, bu siyasətin sosial sahənin ən müxtəlif sahələri üzrə ayrıca siyasətlə uzlaşdırıldığını görəcəyik: “Məsələn, idman sahəsinə ayrıca diqqət yetirilir. Regionlarda idman qurğuları, olimpiya kompleksləri inşa edilib. Bu, regionlarda əhalinin sağlamlığının qorunması və idmanın inkişafı ilə bağlı xüsusi layihə kimi qiymətləndirilməlidir. Eyni zamanda işsizliyin aradan qaldırılması istiqamətində torpaq islahatlarının həyata keçirilməsi kənd əhalisinin torpaqdan istifadə etməsi üçün ciddi əsaslar yaradıb. Bu, ölkəmizin ərzaq problemini həll etməklə bərabər, həm də kənd əhalisi üçün yeni iş yeri yaratmaq funksiyasını yerinə yetirib. Amma əlbəttə, bunlar da həyata keçirilən işlərin hamısı deyil”.
Millət vəkili bildirib ki, ölkədə sosial təminat baxımından ən zəif təbəqə heç şübhəsiz, qaçqın və məcburi köçkünlərdir: “Qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunması ilə bağlı ən müxtəlif tədbirlər həyata keçirilib. Onların iş yerləri ilə təmin olunmaları istiqamətində xüsusi tədbirlər həyata keçirilib, məskunlaşdırılmaları üçün 100-dək qəsəbə salınıb. Bütün bunlar mühüm addımlar kimi qiymətləndirilməlidir”.
Müsahibimiz vurğulayıb ki, hal-hazırda dünyanın bütün ölkələrində əhalinin mənzillə təmin olunması çox mühüm məsələlərdən biridir: “Azərbaycanda bu istiqamətdə çoxsaylı işlər görülüb. Hazırda isə sosial evlər adlandırılan xüsusi layihə həyata keçirilir ki, bu da mənzil təminatında inqilabi addımdır. Çünki aztəminatlı təbəqə məhz bu fürsətdən istifadə etməklə çox da maddi əziyyətə düşmədən mənzil problemlərini həll edə biləcəklər. Düşünürəm ki, bu, Azərbaycan Prezidentinin sosial siyasətinin ayrıca bir qoludur”.
H.Bababoğlu qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi hər gün daha da azalır: “Özəl sektorun inkişafı nəticəsində iş yerlərinin sayı artır. Ayrı-ayrı iqtisadi rayonların spesifik xüsusiyyətləri, iqtisadi, sosial və demoqrafik göstəriciləri nəzərə alınmaqla sənaye məhəllələri yaradılır. Məsələn, elə bu günlərdə Hacıqabul rayonunda yeni sənaye məhəlləsinin yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncam, Bakı şəhərinin ucqar rayonlarından hesab olunan Pirallahı rayonunda yeni iqtisadi layihələrin həyata keçirilməsi, bütün Azərbaycan üçün əhəmiyyətli olan farmaseptika fabriklərinin qurulması kimi layihələr, balaca bir rayona 100 milyon manata yaxın investisiyanın cəlb olunması bir daha göstərir ki, atılan bu addımlar həm ölkədə işsizliyin böyük ölçüdə aradan qaldırılmasına gətirib çıxaracaq, həm də ölkənin aztəminatlı əhalisi üçün etibarlı iş yeri olmaqla onların həyat keyfiyyətinin yaxşılaşmasına xidmət göstərəcək”.