Türkiyədən gələn 22 nəfərlik heyət - Tovuzda
Türkiyənin Kırşehir vilayətindən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın dəvətilə Kırşehir bələdiyyə başçısının müavini Əmrə Şahincinin rəhbərlik etdiyi 22 nəfər bələdiyyə məclisi üzvündən ibarət olan nümayəndə heyəti "Kırşehirdən Qarabağa könül körpüsü" layihəsi çərçivəsində ölkəmizə səfər ediblər.
Bu barədə məlumatı Teleqraf.com-a millət vəkili Qənirə Paşayeva verib.
O, bildirib ki, Azərbaycana ilk dəfə səfər edən qonaqlar ölkəmizin müxtəlif bölgələri ilə yaxından tanış olmağa başlayıblar və bu layihə çərçivəsində Tovuz rayonuna da səfər ediblər.
Qeyd edək ki, Tovuzda qonaqlar ilk öncə Şəhidlər Xiyabanını ziyarət ediblər. Millət vəkili Qənirə Paşayeva qonaqları həmin şəhidlər haqqında məlumatlandıraraq, Tovuz rayonunun ən çox şəhid verən rayonlardan biri olduğunu deyib:
“Torpaqlarımızın müdafiəsi uğrunda Tovuz rayonundan yüzlərlə qəhrəman oğlumuz şəhid olub və biz hər zaman onların və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!”
Daha sonra Kırşehir bələdiyyə başqanı müavini Emre Şahincinin rəhbərlik etdiyi nümayəndə heyəti Tovuz şəhərində Heydər Əliyevin abidəsini də ziyarət edib. Tovuz rayonunun icra başçısı Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayeva qonaqlara Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunun tarixi, bu günü ilə bağlı ətraflı məlumatlar verib və sualları cavablandırıblar.
Sonra qonaqlar Tovuz rayonunun Ermənistanın Noyamberyan (Şəmşəddin) rayonu ilə sərhəd olan Ağdam kəndinə gəliblər. Burada Türkiyə nümayəndə heyətinə Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara, o cümlədən Tovuz rayonunun sakinlərinə qarşı törətdikləri qeyri-insani hərəkətlər, vandalizm aktları haqqında geniş məlumat verilib.
Türkiyəli qonaqlar eyni zamanda Tovuzun Ağdam kəndində böyüyüb-başa çatmış və şəhid olmuş Milli Qəhrəman Natiq Yusifovun ailəsini ziyarət edib, valideynləri ilə görüşüblər. Qonaqlar sonda Gəncənin tarixi-mədəni abidələrini də ziyarət ediblər.