2016-cı ilin Aprel döyüşlərində əsgərlərini itirən komandir, baş leytenant Azər Məmmədov və onun şəhid əsgəri Nurayev Rəvandan bəhs edən film hazırlanıb.
Bu barədə məlumatı Teleqraf.com-a filmin yaradıcı heyəti verib. Heyət qəhrəman zabitimizlə birgə onun dünyasını dəyişən əsgərinin qəbrini ziyarət etdiklərini açıqlayıb:
“Azər Məmmədov onurğadan yaralandığına görə onda hərəkət məhdudiyyəti yaranmışdı. Buna baxmayaraq, o, yaxın ərazilərdə yaşayan şəhid əsgərlərinin yas mərasimində iştirak etmiş və qəbrlərini ziyarət etmişdi. Lakin məsafəcə uzaq olduğuna və səhhəti imkan vermədiyinə görə Zaqataladan olan əsgəri Nurayev Rəvanın qəbrini və ailəsini ziyarət edə bilməmişdi. Bu hadisə Azər Məmmədovu mənəvi borc olaraq narahat edirdi.
Səhhətində irəliləyiş olan kimi biz Azərlə birgə şəhidləri unutmamaq üçün və onları yad etməyi özümüzə borc bildiyimizə görə Zaqatalaya, Nurayev Rəvanın ailəsini və qəbrini ziyarət etməyə yollandıq”.
Filmin müəllifləri bu filmi Azər Məmmədov kimi ləyaqətli zabitimizə və şəhidlərimizə həsr etdiklərini bildiriblər.