Azərbaycanda yeni orden təsis edilir.
Teleqraf com-un məlumatına görə, "Rəşadət" ordeninin təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilir.
"Rəşadət" ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə; əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə; Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə; həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə; fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə; həmçinin dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif ediləcəklər.
"Rəşadət" ordeninin 3 dərəcəsi var. Orden döşün sol tərəfinə, Azərbaycanın digər ordenləri olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.