31 Yanvar 2018 17:54
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı hər il rüblük, yarım illik və ilin yekunlarına dair Nazirlər Kabinetinin iclasları keçirilir. Dövlət proqramlarının illik yekunlarına dair konfranslar da təşkil olunur. Bu, bir hesabatdır. Görülən işlərin nəticələrini təhlil etmək, qarşıda duran vəzifələri müəyyənləşdirmək baxımından belə tədbirlər çox böyük əhəmiyyət kəsb edir.

Bunu Teleqraf.com-a Prezident İlham Əliyevin yanvarın 29-da “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqini şərh edən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

Tahir Rzayev bildirib ki, bu konfrans çox vacib tədbir kimi yadda qalıb:

“Konfransda Azərbaycan Prezidenti İlham Əliyev təkcə ötən bir ilin deyil, bütövlükdə son 14 ilin sosial-iqtisadi göstəricilərini xatırlatdı. Dövlət başçısı vurğuladı ki, əldə olunan yüksək nəticələrə ilk növbədə ictimai-siyasi sabitlik sayəsində nail olunub. Çünki sabitlik olmayan yerdə hansısa inkişafdan söhbət gedə bilməz. Dünyada baş verən mürəkkəb, ziddiyyətli proseslər fonunda Azərbaycanda sabitlik hökm sürür, milli həmrəylik var. Bu amillər isə inkişafımızın əsasını təşkil edir.

Son 14 ilin nəticələri də bu reallığı təsdiqləyir. Belə ki, bu dövrdə iqtisadiyyatımız 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə artım müşahidə olunur. Qeyri-neft ixracımız 4,1 dəfə artıb.

Ötən dövrdə 30 elektrik stansiyası tikilib, qazlaşdırma 93 faizdir. İçməli su təminatına gəlincə, bu göstərici ölkə üzrə 14 il əvvəl 26 faiz idisə, hazırda 67 faizdir. Regionlarda su-kanalizasiya sisteminin yaradılması istiqamətində böyük işlər görülür. Eləcə də, bölgələrdə 4 böyük su anbarı tikilib. Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib istifadəyə verilib ki, bu da böyük ərazilərin su təminatında mühüm rol oynayır”.

Tahir Rzayev xatırladıb ki, dövlət başçısının qeyd etdiyi kimi 14 il ərzində 12 min 300 kilometr yol, 443 körpü tikilib:

“Yol infrastrukturunun yeniləşdirilməsi iqtisadiyyatın yüksəlməsinə böyük təsir göstərməklə yanaşı, əhaliyə həyat rahatlığı verir. Yəni görülən bütün işlər Azərbaycanın sosial-iqtisadi inkişafına böyük töhfələr verir. Hər bir sahədə qazanılan nailiyyət Azərbaycanın gücünü artırır, beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirir.

Davos İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatına verdiyi qiymət, onun hesabatlarında ölkəmizin irəliləməsi hər birimizdə qürur yaradır. Çünki dünyanın ən mötəbər bir qurumunun mövqeyi ən obyektiv və düzgün yanaşmadır. Bütün bunlar göstərir ki, Ümummilli lider Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir”.


Müəllif: Cavad

Oxşar xəbərlər