Nazirlik Abşeron yarımadasının atlas xəritəsini hazırlayıb, həmin xəritədə yarımadanın bu günə olan sürüşməyə meyilli ərazilərinin konturları və coğrafi kordinatları verilib.
Bu sözləri Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Bayıl qəsəbəsində ikimərtəbəli evlərin sökülərək yerində hündürmərtəbəli yeni binaların tikiləcəyi xəbərini şərh edərkən deyib.
Onun sözlərinə görə, xəritələr Nazirlər Kabinetində təsdiq edilib və müvafiq icra strukturlarına göndərilib: “Hər hansı tikinti məqsədi ilə yer ayrılarsa, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinə müraciət olunmalıdır. Bu nazirliklər əraziyə baxış keçirib, xüsusi arayış verməlidirlər. Layihə hazırlanmalıdır. Əgər sürüşməyə meyilli ərazisdirsə, onda xüsusi layihə tutulmalıdır. Bayılda da belə tikinti işinə start verilibsə, deməli, müvafiq proseduralar həyata keçirilib”.
Qeyd edək ki, Səbail rayonu Bayıl qəsəbəsində geniş köçürmə və söküntü işləri başlayıb. İstismar müddətini başa vurmuş ikimərtəbəli binalarda yaşayanlar köçürülür. Söküləcək bu binaların yerində hündürmərtəbəli yeni binalar tikiləcək.
İş icraçılarının sözlərinə görə, Xanlar və Əlibəyov qardaşları küçələrində 4 yeni binanın tikilməsi planlaşdırılır.