10:44
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
S.Məmmədova deyib ki, Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatları baş mütəxəssis kimi o da araşdırıb.
S.Məmmədova bu məlumatın həqiqətə uyğun olmadığını, kimlərinsə şou yaratmaq üçün belə açıqlama verdiyini söyləyib:
“Bu rəqəmin mənbəyi olmalıdır. Məlumatlar yalnız statistik rəqəmlər olduqda biz ona istinad edə bilərik. Digər tərəfdən, bizim tərbiyəmiz, mentalitetimiz yol vermir ki, 9-11-ci sinif şagirdləri abort etdirsin”.
Baş mütəxəssis əlavə edib ki, Azərbaycanda şagirdlər arasında abortların olması halları tək-tük hallarda baş verir. Belə hallar baş verdikdə cinayət işləri açılır və KİV-lərdə məlumat verilir:
“Şagirdlər arasında baş verən tək-tük abortlar qanuni şəkildə - tibbi göstərişlərlə icra edilir. Bu haqda mətbuatda rəsmi açıqlama verilir”.
Azərbaycanda abortların icrasının qanuni əsaslarla həyata keçirildiyini deyən S.Məmmədova bildirib ki, bu məlumatlar şəffaf sistem əsasında toplanır. Buna görə də o qədər sayda gizlənmiş abortun olması mümkün deyil.
O bildirib ki, hər bir tibb müəssisəsində abort edilən şəxsin şəxsiyyət vəsiqəsi ilə kart açılır. Qeydiyyatı aparılan bütün xəstələr barədə məlumatlar vahid elektron sistemdə toplanır. Buna görə də müraciət edən şəxslər barədə tələb olunan məlumatları oradan əldə etmək mümkün olur:
S.Məmmədova məktəbyaşlı qızların abort edilməsini də çox təhlükəli hesab edir:
"Heç bir həkim məktəbyaşlı qızların abort olunması məsuliyyətini öz üzərinə götürməz. Çünki məktəbyaşlı qızların orqanizmi tam yetişkən deyil. O qızlar hamilə qala bilərlər. Amma onların orqanizmi - qan sistemi, qaraciyəri və s. tam mükəmməl olmadığından belə qızları abort etdirmək onları doğuzdurmaq qədər böyük risk, təhlükəlidir"./Trend/
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov mətbuata verdiyi açıqlamasında son 3-4 ildə 1200-ə qədər 9-11-ci sinif şagirdinin abort etdirdiyini açıqlayıb.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 34569 abort edilib. 2016-cı ildə edilən abortların 20323-ü 15-29 yaşlı qadınlaırn payına düşür.
2016-cı ildə 15-17 yaşlı qadınlar tərəfindən 19 (2015-ci ildə 50), 18-19 yaşlı qadınlar tərəfindən 1242 (2015-ci ildə 1425), 20-24 yaşlı qadınlar tərəfindən 7773 (2015-ci ildə 5983), 25-29 yaşlı qadınlar tərəfindən 11289 (2015-ci ildə 8573) abort edilib.
***
Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi-katibi, Doğuşayardım Komissiyasının cənub bölgəsi üzrə kuratoru Leyla Məmmədova Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
L.Məmmədova qeyd edib ki, burada söhbət sırf məktəblilərdən yox, yeniyetmələrdən gedə bilər:
“İlkin olaraq qabardılmalı məsələ erkən nikahlardır. Çünki abort olanda bu o demək deyil ki, yeniyetmə bunu öz istəyi ilə edib. Çox vaxt erkən nikahlar zamanı vaxtından əvvəl düşüklər, inkişafdan qalmış hamiləliklərin hamısı ümumi abortların statistikasında cəmləşir. Erkən nikah məsələsində də söhbət tək məktəblidən getmir. Söhbət məktəbdən yayındırılıb ailə quran yeniyetmələrdən gedir”.
Hamiləliyin vaxtından əvvəl pozulması məsələsinə gəlincə, Doğuşayardım Komissiyasının mütəxəssisi vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı 10-19 yaşarası olanları yeniyetmə hesab edir:
“Əgər hamilə qalan qadının 18-19 yaşı varsa, o, öz arzusu ilə bunu sonlandıra bilər. Yox əgər söhbət yetkinlik yaşına çatmayanlardan gedirsə, hamiləliyin 11-ci həftəsinə qədər onlara sonlandırma məsləhət görülür. Digər qalan məsələlər isə tibbi göstərişdir. Bu zaman da hamiləliyin 12-ci həftəsinə qədər həmin şəxsin qanuni nümayəndəsinin icazəsi ilə hamiləlik sonlandırıla bilər”.
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi-katibi əlavə edib ki, inkişafdan qalmış hamiləlik də statistikada abortların arasında qeyd olunur:
“Yeniyetmə yaşlarında döldə qüsurun olması ehtimalı çox yüksəkdir. Bundan başqa, yeniyetmənin sağlamlığı ilə bağlı bədəndə tibbi göstəriş meydana çıxır ki, hamiləlik sonlandırılsın. Çünki yeniyetmə orqanizmi bir çox hallarda dölü tam yetişdirmək imkanına malik olmur”.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə deyib ki, hər il aidiyyəti dövlət orqanları müxtəlif statistik göstəricilər açıqlayır:
"Mən də təhsil araşdırmaçısı olaraq onları toplayır, bu və ya digər yazılarda istifadə edirəm. Hər il abort etdirən xanımların sayı barədə və onları yaş həddi haqqında məlumat yayılır. Orda hər il qeyd olunur ki, 15-18 yaşlarında olan bu qədər xanım abort edilib. Əlbəttə ki, onların məktəbli olub-olmaması barədə məlumat yoxdur. Amma 15-16-17 yaşlarında olan şəxs qanunvericilik aktlarına görə məktəbli hesab olunur. İllər ərzində KİV-də çıxan rəqəmlərdən əgər aidiyyəti şəxslərin xəbəri yoxdursa, bu artıq onların vəzifəsinin öhdəsindən gələ bilməməsi deməkdir. Bu rəqəmlər rəsmi saytlara istinad edilərək götürülüb".
Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, 2012-2016-ci illər ərzində ümumilikdə 308 abort (2012-ci ildə 63, 2013-cü ildə 88, 2014-cü ildə 88, 2015-ci ildə 50, 2016-cı ildə 19) məhz 15-17 yaş arası olan qadınları əhatə edir. 2017-ci ilin statistikası isə hələ açıqlanmayıb./Report/