Yeni fəaliyyətə başlayan Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) mühüm vəzifələrlə bağlı ilk təyinatlar verilib.
İnstitutdan Teleqraf.com-a verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının əmri ilə dosent Mübariz Camalov Aİİ-nin Tədris işləri, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov isə Elm və innovasiyalar üzrə prorektor vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, dosent Mübariz Camalov 1976-cı ildə Cəbrayıl rayonunda anadan olub, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsini bitirib. İlahiyyat üzrə fəlsəfə doktorudur. O, bu təyinata qədər BDU-nun İslam elmləri kafedrasının müdiri vəzifəsində çalışıb. İslam hüququ sahəsində çox sayda tədqiqat əsərlərinin müəllifi olan Mübariz Camalov ingilis, ərəb və türk dillərini bilir.
İlahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov isə 1979-cu ildə Kəlbəcər rayonunda anadan olub, BDU-nun İlahiyyat fakültəsini bitirib, İlahiyyat üzrə fəlsəfə doktorudur. Aqil Şirinov yeni təyinata qədər BDU-nun İslam elmləri kafedrasının baş müəllimi vəzifəsində çalışıb. Fəlsəfə və İslam məzhəbləri tarixi sahəsində çox sayda kitab və məqalə müəllifi olan Aqil Şirinov ingilis, ərəb, türk və rus dillərini bilir.