Gəncədə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” mövzusunda ikigünlük regional konfrans öz işini davam etdirib.
Teleqraf.com xəbər verir ki, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gəncədə keçirilən “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” mövzusundakı ikigünlük regional konfrans öz işini davam etdirib.
DQİDK-nın rəsmi nümayəndələri, şəhərin idarə, müəssisə, təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınların, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransı giriş sözü ilə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev açıb.
Bildirib ki, ölkəmizdə yüksək səviyyədə mövcud olan dövlət-din münasibətləri, dinlər və məzhəblər arasında qarşılıqlı anlaşma mühiti dövlətin yürütdüyü uzaqgörən siyasətin nəticəsidir. Asif Əliyev vurğulayıb ki, dövlət tərəfindən daim dini sahəyə böyük diqqət və qayğı göstərilir. Dini ibadətgahlar təmir olunur, yeniləri tikilir, dini konfessiyalara maddi dəstək göstərilir.
Daha sonra “Dini radikalizm: mahiyyəti, tarixi, təzahür formaları və onunla mübarizə” adlı təqdimatla çıxış edən Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bu gün bəşəriyyətin ən böyük probleminə çevrilmiş radikalizm, ekstremizm meyilləri haqqında məlumat verib.
Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva isə qadınların cəmiyyətdəki yeri və rolundan danışaraq bu gün ölkəmizdə aparılan genişmiqyaslı maarifləndirmə işinə onların verdiyi töhfələrdən bəhs edib.