11 Oktyabr 2018 15:52
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənəvi Dəyərlərin Təbliği Fondu avtomobilləri şəxslərə deyil, dini icmalara verir. Ölkə prezidentinin sərəncamı ilə Azərbaycanda dini icmaların maddi-texniki təhcizatının yaxşılaşdırılması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərləri Təbliği Fonduna 400 min manat ayrılıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

O bildirib ki, dini icmalar hüquqi şəxslərdir və hər bir icma ən azı 50 nəfəri özündə birləşdirir:

“Dini icmalar fəaliyyət göstərdikləri məscidlərə himayədarlıq edir, onlarla bağlı məsələləri tənzimləyirlər. Məscidlərə yüzlərlə, bəzən minlərlə insan gəlir. Dini icmalar ayin və mərasimlərin təşkili, ibadət evinin fəaliyyətinin tənzimlənməsi, maarifçilik işinin aparılması və digər məsələlərlə məşğul olur. Bunlar isə heç də kiçik məsələlər deyil. Söhbət insanların, ümumilikdə cəmiyyətimizin dini, mənəvi tələbatının ödənilməsindən gedir.

Dini icmalar, demək olar ki, ianələr hesabına maliyyələşir. Məscidlərə isə böyük məbləğdə ianələr verilmir. Bu baxımdan dini icmaların böyük əksəriyyətinin maddi-texniki təchizatı yaxşı səviyyədə deyil. Dövlət başçısı bu reallıqları nəzərə alaraq belə sərəncam imzalayıb.

O ki qaldı avtomobillərin hansı icmalara verilməsinə, bu, Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı və Fondun Himayəçilər Şurasının müzakirəsindən sonra baş tutub.

Onu da deyim ki, dini icmalara avtomobillərin verilməsində bir neçə amil nəzərə alınıb. Məsələn, hər bir bölgədən daha çox ehtiyaclı olan, həmçinin aktivliyi ilə seçilən dini icmalar əsas götürülüb. İlkin mərhələdə 14 avtomobil verilən dini icmaların siyahısına baxmaq bu reallığı görmək üçün kifayətdir.

Onu da qeyd edim ki, noyabr ayında daha 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub”.


Müəllif: Cavad