Bizim dövrümüzdə “reket jurnalistika” ifadəsi yox idi. O zaman mətbuat hamının diqqət mərkəzində idi və heç kimin bu dərəcədə qol-qanad açıb, qapıları döyüb pul yığmaq imkanı yox idi.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə deyib.
O qeyd edib ki, əvvəla, çox güclü el qınağı var idi:
“Yəni, hər kəs bu hərəkəti edə bilməzdi. İkincisi də, qanundan qorxurdular. Gedib kiminsə qapısını döyəndə, bu və ya digər şəkildə nəsə umanda, pul istəyəndə bunun xəbəri tez yayılırdı və belə söhbətlərə yol verilmirdi. Müstəqilliyin ilk illərindən başlayaraq, bir xaos yarandı. Mətbuat azadlığından istifadə etdilər. Təhsili, jurnalistikadan xəbəri olmayan, başqa yerdə özünü tapmayan, təsdiq edə bilməyən müxtəlif adamlar jurnalistikaya axışdılar. Çoxlu qəzetlər açıldı və ölkədə az qala hər 3-5 nəfərdən biri jurnalist vəsiqəsi gəzdirməyə başladı. Bu, əlbəttə yolverilməz idi. Əslində, gərək bu məsələlərin qarşısı o vaxt alınaydı. Gərək elə sərt qanunlar tətbiq oluna idi ki, hər bir adam qəzet aça, jurnalist vəsiqəsi gəzdirə bilməsin. Amma düşünürdük ki, bu da bir zamanın axarıdır, gəlib gedəcək və günlərin bir günü təbii yolla təmizlənəcək. Yəni, əsl jurnalistlər üzə çıxacaq, jurnalistikadan sui-istifadə edən, onun adına xələl gətirən insanlar istər-istəməz gələn selin qarşısında dayana bilməyəcəklər. Amma çox təəssüf ki, bunlar ən müxtəlif səviyyədə özlərinə arxa-dayaq tapdılar”.
M.Süleymanzadə qeyd edib ki, “reket jurnalist” özü təkbaşına heç nə edə bilməz:
“Ona kömək edənlər, yol göstərənlər olur. Ona pul verməsələr, təbii ki, bu işlərdən fayda götürə bilməz. Əlbəttə, “reket jurnalistlər” sözün qədrini bilən, peşəsinə hörmətlə yanaşan jurnalistlərin adına xələlə gətirirlər. Əsl jurnalistlər hətta, “jurnalistəm” deməyə belə utanmağa başladılar. “Reket jurnalistlər” o qədər qol-qanad açdılar ki, Azərbaycan mətbuatı sözün həqiqi mənasında bataqlığa düşdü. Nə yaxşı ki, Mətbuat Şurasında xüsusi komissiya yaradıldı, tez-tez monitorinqlər keçirildi. Amma çox müddət keçdi. “Reket jurnalistika” ilə bağlı nə qədər qərarlar qəbul olunub, nə qədər “qara siyahı”lar tutulub, onlarla mübarizəyə nə qədər qüvvə sərf olunub. Bu işlər nəticə versə də, ancaq çox təəssüf ki, tam hədəfə çatmamışıq. Ona görə ki, “reket jurnalistlər” həm çox, həm də həyasız idilər. Təsəvvür edin ki, onların bir qəzetini, saytını “qara siyahı”ya salırdın, gedib başqa bir qəzet açır, başqa sayt yaradırdılar. Bundan da artığını edirdilər”.
M.Süleymanzadə daha sonra deyib:
“Mən jurnalistikanın yaşlı, təcrübəli nəslinin nümayəndəsi kimi heç kimin həbs olunmasının tərəfdarı deyiləm. Amma buna da dözə bilmirəm ki, mənim peşəmi mətbuatın müqəddəs adına xələl gətirən insanlar korlayır, nüfuzdan salırlar. Ona görə mən də onun tərəfdarıyam ki, çox qəti şəkildə mübarizə aparılmalıdır. Jurnalist deyəndə göz önünə müqəddəs bir peşə sahibi gəlməlidir. Mən nəzərdə tutulan tədbirləri təbii ki, dəstəkləyirəm. Onu da qeyd etmək istəyirik ki, ayrı-ayrı inzibati yollarla, kiməsə cəza verməklə də bu məsələlərin qarşısını almaq çox çətindir. Biz hamılıqla bu məsələyə diqqət yetirməliyik. İlk növbədə o jurnalistə pul verən, ondan qorxan, çəkinən adamlar var. Yaxud o jurnalistdən, onun saytından, qəzetindən istifadə edib başqalarına ləkə yaxan pis niyyətli şəxslər var. Bax, “reket jurnalist”lərə yanaşı həmin o adamlarla da mübarizə aparmaq lazımdır. Onların da qarşısı alınmalıdır”. Yəni, “reket jurnalistika”nın qol-qanadı qırılmalıdır. Ümid edirəm ki, başlanan bu mübarizə ciddi nəticələr verəcək”.