Ölkəmizin turizm potensialı və mədəniyyəti Bolqarıstanın Varna şəhərində keçirilən Qara Dəniz Turizm Forumunda geniş təbliğ edilib.
Teleqraf.com xəbər verir ki, Bolqarıstanın Turizm Nazirliyi, Varna Bələdiyyəsi və Varna Turizm Palatasının təşkilatçılığı ilə təşkil olunan “Qara dəniz – davamlı yerli və transmilli turizm məhsullarının məskəni” adlı forumda Azərbaycan milli stendlə təmsil olunub. Ölkəmizlə yanaşı, tədbirə Bolqarıstanın 14 bələdiyyəsi, 2 ali təhsil ocağı və bir sıra xarici ölkə qoşulub.
Forum çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizin turizm potensialı haqqında təqdimat keçirilib. Təqdimat zamanı Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, mətbəxi, keçirilmiş mötəbər beynəlxalq tədbirlər haqqında bəhs edilib, ölkəmizin turizm infrastrukturu, mövcud turizm marşrutları və turistlər üçün yaradılmış şərait barədə tədbir iştirakçılarına məlumat verilib. Ölkə stendi Azərbaycan xalçaları və sənətkarlıq nümunələri ilə bəzədilib, ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlər və suvenirlər tədbir iştirakçılarına paylanılıb.
Tədbir zamanı, həmçinin Azərbaycanın istehsalı olan şərab, nar şirəsi və milli şirniyyatların təqdimatı keçirilib.
Sonda Forumda fəal iştiraka görə Bolqarıstandakı səfirliyimiz diplomla təltif edilib.
Qeyd edək ki, cari ildə Azərbaycan ilə Bolqarıstan paytaxtları arasında birbaşa hava əlaqəsinin yaradılması regionlar arasında turizm mübadiləsinin genişləndirilməsinə öz töhfəsini verə bilər.