19 Noyabr 2018 14:58
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Milli Məclisin deputatı Musa Quliyev cavablandırıb:

- Milli Dirçəliş Günündə Milli Şura və tərəfdarlarının Şəhidlər Xiyabanına yürüş təşkil etməsi və polislə əlbəyaxa olması faktına münasibətiniz necədir?

- Azərbaycan hüquqi dövlətdir, burada qanunun aliliyi hər səviyyədə təmin olunur. Ona görə də hər kəs qanuna tabe olmağa borcludur. Ölkəmizdə mitinq, yürüş azadlığı da, söz və mətbuat azadlığı da var. Bu azadlıqlar çərçivəsində hərəkət etmək lazımdır.

Razılaşdırılmamış hər hansı siyasi tədbirin keçirilməsi istənilən dövlətdə qadağandır. Siyasi aksiya və ya tədbir nəzərdə tutulubsa, müvafiq orqanlarla razılaşdırılmalıdır. Dəfələrlə müxalifətin razılaşdırılmış mitinqi olub, nəinki polis mane olub, hətta aksiya iştirakçılarının mühafizəsini təşkil edib.

Azərbaycanda sabitlik və ictimai asayişi pozmaq cəhdlərini dövlətçiliyə qəsd kimi qiymətləndirirəm və bu halı pisləyirəm. Gərək belə hallar olmasın. Bizim dövlətçiliyimizin yaşı artdıqca, müxalifətimizin də yaşı artır. İnsanın yaşı artdıqca gərək ağıllansın və müdrikləşsin.

- Azərbaycanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri ilə sıcaq münasibəti Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan tərəfindən qısqanclıqla qarşılanır, o, Lukaşenko və Nazarbayevdən izahat tələb edəcəyinə dair bəyanat səsləndirib. Paşinyanın bu bəyanatını necə qiymətləndirirsiniz?

- Nikol Paşinyanı böyük siyasətdə təsadüfi adam sayıram, o, çox uzağa getməyəcək. Bu cür ritorikası və sərsəm bəyanatları göstərir ki, bu adamın ciddi siyasətdən xəbəri yoxdur. Öz ölkəsində deyil, hətta başqa dövlətlərin rəhbərlərini suçlamaq, onlardan izahat tələb etmək beynəlxalq hüquqa və diplomatik etiketə ziddir. Ona elə Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidməti layiqli cavabı verib.

Ermənistan rəhbəri əslində özünü gülünc vəziyyətə qoyur. Bu cür gülünc vəziyyətdə olan bir rəhbərin nə öz dövlətinə, nə də xalqına bir faydası olacaq. Onun Azərbaycan haqqında dəfələrlə bir-birinə zidd fikirlərini də müşahidə edirik. Gah deyir müharibə edək, gah deyir danışıqlar aparaq, müzakirəyə hazırıq, yaxud söyləyir ki, torpaqları qaytarmayacağıq. Bütün bunlar onu göstərir ki, bu adam çox emosional, gündə əhval-ruhiyyəsi dəyişən qeyri-ciddi siyasətçidir. Belələri beynəlxalq siyasətdə qəbul olunmur.

Onun Ermənistanın daxili auditoriyası üçün söylədiyi fikirlər də artıq ciddi qəbul edilmir. Ona görə də düşünmürəm ki, Paşinyanın bundan sonrakı sərsəmləmələrinə ciddi reaksiya verməliyik.

- Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Belarusda səfərdədir. İki ölkə arasında münasibətləri necə dəyərləndirirsiniz?

- Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfəri yüksək səviyyəli ziyarətdir. Azərbaycanla Belarus arasında həm dövlətlər, həm də rəhbər və xalqlar səviyyəsində böyük dostluq münasibətləri var və bu səfər bu dostluğu daha da möhkəmləndirəcək. Dəfələrlə Belarusda rəsmi tədbirlərdə və şəxsi səfərlərimdə olmuşam, Belarus xalqının Azərbaycan prezidentinə və xalqına nə qədər məhəbbəti olduğunu görmüşəm.

Vaxtilə cənab prezidentin Belarusa etdiyi böyük jest həmişə minnətdarlıqla xatırlanır. Belarusun böyük kredit borcu yaranmışdı, Azərbaycan prezidenti o məsələni qısa müddətdə həll elədi və bu günə qədər bu jesti Belarusda əfsanə kimi danışırlar. Bizim ikitərəfli əlaqələrimiz müxtəlif – istər siyasi-diplomatik, istərsə də iqtisadi, mədəni və humanitar münasibətlər səviyyələrdə inkişaf edir.

Belarus Azərbaycanın ən yaxın dostlarından biridir, MDB ölkələrinin sonuncu Hərbi Şurasının iclasında Belarus prezidentinin mövqeyi bir daha onu nümayiş etdirdi ki, bu ölkə doğrudan da ədalətli mövqedədir, Azərbaycanın haqq işini həmişə dəstəkləyir. Azərbaycanın dövlət başçısının Belarusa səfəri bu əlaqələrimizin daha da yüksək səviyyəyə qalxması üçün böyük əhəmiyyəti olacaq.

- Yaxında Ermənistanda növbədənkənar parlament seçkiləri olacaq. Nikol Paşinyan ciddi cəhdlə seçkidən qalib çıxmağa çalışır. Kimin qalib gəlməsindən asılı olmayaraq seçkinin nəticəsinin Qarabağ danışıqlarına nə kimi təsiri olacaq?

- Seçkilərin Ermənistanda nəyisə dəyişəcəyinə inanmıram. Ermənistan nə Qarabağ məsələsində, nə də digər siyasətində müstəqil deyil. Ermənistan zamanında fəxrlə öz dövlətini forpost adlandırmışdı, elə forpost olaraq qalır.

Ermənistan kimi dövlətlər öz iradəsi ilə siyasət yürütmürlər. Bu mənada seçkilərdən də bir şey gözləmirəm. Hər halda orada hansı erməninin hansı vəzifəyə seçilməsinin o qədər böyük əhəmiyyəti olmayacaq. Çünki Ermənistan öz iradəsi ilə fəaliyyət göstərən dövlət deyil.


Müəllif: Nərgiz

Oxşar xəbərlər