19 Noyabr 2018 15:53
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkillər Kollegiyası “AGBank”ın İdarə Heyətinin sədri Əfqan Cəlilovun mətbuata verdiyi müsahibəsi ilə bağlı bəyanat yayıb.

Teleqraf.com-un xəbərinə görə, bəyanatda qeyd olunur ki, bu günlərdə mətbuatda “AGBank”ın İdarə Heyətinin sədri Əfqan Cəlilov təmsil etdiyi bank tərəfindən verilmiş kreditlərin yığılmasında çətinliklərin yaranmasının vəkillərin fəaliyyəti ilə əlaqədar olduğu barədə fikirlər səsləndirib:

“Bununla bağlı bildiririk ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkillər qanunvericiliklə müəyyən olunmuş qaydada fiziki şəxslərin, habelə banklar da daxil olmaqla hüquqi şəxslərin hüquqlarının qorunması sahəsində Konstitusiya və qanunlar əsasında fəaliyyət göstərirlər. Bu zaman onlar təmsil etdikləri şəxslərin maraqları naminə qanunvericiliyə zidd olmayan müdafiə vasitələrindən öz mülahizələri əsasında istifadə etməkdə sərbəstdirlər.

Həmçinin bildiririk ki, vəkillərin fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə zidd müdafiə vasitələrindən istifadə olunması faktları aşkar edildiyi təqdirdə, şikayətçi olan şəxslər bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət etmək hüququna malikdirlər.

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası konkret faktlar təqdim edilmədiyi təqdirdə bu cür bəyanat və fikirləri məqbul hesab etməməklə, insan və vətəndaşların hüquqlarının səmərəli müdafiəsi işinə zidd hesab edir”.

Vəkillər Kollegiyası bildirir ki, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin etmək kimi konstitusion funksiya daşıyan vəkillərə münasibətdə mətbuatda səsləndirilən bu kimi fikirlər vəkillik institutunun cəmiyyətdə nüfuzuna mənfi təsir göstərir:

“Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bu kimi məsələlər ilə bağlı gələcəkdə fikirlər səsləndirilərkən rəsmi şəxslərdən daha həssas olmalarını xahiş edir”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər