2 Fevral 2019 19:46
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısı keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, toplantıda Azərbaycan Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbərliyi, veteranlar, Azərbaycan Ordusunu təmsil edən gənclər, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edib.

Toplantı iştirakçılarının bir qrupu bir gün əvvəl Fəxri Xiyabana, birinci və ikinci Şəhidlər xiyabanlarına gedərək müstəqil dövlətimizin qurucusu, ulu öndər Heydər Əliyevin abidəsini, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Toplantıdan öncə rəsmi qonaqlar “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Gənclərə qayğı Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir” və “Ordu gəncləri böyük qüvvədir” mövzularında foto sərgilərlə tanış olublar. Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü müstəqil Azərbaycan Respublikası gənclərinin birinci formunun iştirakçısı, polkovnik Abdulla Qurbani qonaqlara sərgilər barədə ətraflı məlumat verib. Aprel zəfərinin qazanılmasında, həmçinin Naxçıvanın Günnüt və digər strateji yüksəkliklərinin azad olunmasında xüsusi xidmətləri olmuş hərbi qulluqçular rəsmi qonaqlara təqdim edilib.

Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Toplantıda dövlət gənclər siyasətinin bu gün respublikamızda geniş vüsət almasından bəhs edən video-çarx nümayiş etdirilib və ümummilli liderimiz Heydər Əliyevin, eləcə də dövlətimizin başçısı İlham Əliyevin gənclərə müraciətləri səsləndirilib.

Cəbhə bölgəsindən gəlmiş, toplantı iştirakçılarının seçimi ilə tədbiri idarə etmək həvalə edilmiş gənc zabit Orxan Rüstəmov qeyd edib ki, bir gün öncə Gənclər Günü münasibətilə keçirilən respublika toplantısında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin proqram əhəmiyyətli çıxışı hər bir Vətən əsgərinin də döyüş ruhunu, vətənpərvərlik hissini daha da artırıb. Bu toplantıdan bir gün sonra ordu gənclərinin ümumrespublika toplantısının keçirilməsi heç də təsadüfi deyil: "Biz buraya ona görə toplaşmışıq ki, bir daha möhtərəm Prezidentimizə, Vətənimizə, xalqımıza, dövlətimizə öz sədaqətimizi bəyan edək, qoy dostlarımız, eləcə də düşmənlərimiz bilsinlər ki, Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır".

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi–şöbə müdiri Fuad Ələsgərov tədbirdə çıxış edərək hərbçi gənclərimizi Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Gəncləri Gününün təsis edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü ilə hələ 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci ildə isə ulu öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında sərəncam imzalayıb.

Gənclərə xüsusi qayğının Azərbaycan Prezidenti İlham Əliyevin də daim diqqət mərkəzində olduğunu qeyd edən F.Ələsgərov deyib ki, torpaqları hələ də işğal altında olan Azərbaycan üçün ordu quruculuğu ən vacib məsələlərdən biridir. Bu sahədə görülmüş işlərin nəticəsi olaraq bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 2016-cı ilin aprel döyüşləri və 2018-ci ilin mayında aparılmış uğurlu əməliyyat Azərbaycan hərbçilərinin qəhrəmanlığını, Ordumuzun yüksək döyüş qabiliyyətini bir daha nümayiş etdirib.

Toplantıda Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən döyüş və ictimai-siyasi hazırlıqda, aprel döyüşlərində və Naxçıvanda Günnüt kəndinin azad edilməsində, on bir min hektar ərazinin nəzarətə götürülməsində müstəsna xidmətləri olan ordu gənclərinin nümayəndələri: “Azərbaycan Bayrağı” ordenli gizir Tahir Misirxanov, “III dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş Mirdamət Bağıyev, Azərbaycanın Milli Qəhrəmanı, şəhid mayor Rasim İbrahimovun yolunu davam etdirən oğlu, kapitan Nizami İbrahimov, Günnüt uğrunda döyüşlərin fəal iştirakçısı, “İgidliyə görə” medalına layiq görülmüş Əlqəm Gözəlov, Mərkəzi Ordu İdman Klubunun taqım komandiri, Avropa və Dünya çempionu, Əməkdar idman ustası, “Tərəqqi” medallı leytenant Həsən Əliyev, Azərbaycan Hərbi Aviasiyasının pilotu kapitan Məzahir Səfərov, Hərbi Dəniz Qüvvələrinin zabiti baş leytenant Ariz Qəhrəmanov, Cəmşid Naxçıvanski adına Hərbi liseyin kursantı Tapdıq Mansurov və başqaları çıxış ediblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxış edərək 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Ordusu gənclərini təbrik edib. Nazir qeyd edib ki, bu bayram təkcə hərbçi gənclərin deyil, ümumiyyətlə, bütün Azərbaycan gənclərinin bayramıdır.

Ordumuzun döyüş qabiliyyətindən, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olmasından söz açan müdafiə naziri bildirib ki, Azərbaycan Ordusunun potensialının artırılmasının əsasında dövlətimizin və onun rəhbərliyinin göstərdiyi diqqət və qayğı dayanır. Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Müdafiə naziri bildirib ki, ölkəmizin son illərdə dinamik iqtisadi inkişafı və nəticə etibarilə ordumuzun güclənməsi ölkə başçısının fəaliyyətinin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illər ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Müdafiə naziri deyib: “Azərbaycan Ordusunun hazırkı vəziyyətinə gəlincə, o tam döyüş qabiliyyətlidir. İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Orduda aparılan islahatlar onun əməliyyat, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə yeni şərait yaradıb. Ən əsası odur ki, ordunun döyüş qabiliyyətini təyin edən mütəxəssislərin 70 faizi gənclərdir.”

Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Kənan Əzizov Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciəti toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Tədbir Azərbaycan incəsənət ustaları, eləcə də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin iştirakı ilə baş tutan konsert proqramı ilə davam edib.

Azərbaycan Ordusunun gənclərinin ümumrespublika toplantısı Ali Baş Komandana ünvanlanan “Zəfər marşı” ilə sona yetib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər