18 Fevral 2019 22:13
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində Holokost Muzeyi və Təhsil Mərkəzində Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olan Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ölkəmizin ABŞ-dakı səfirliyinin iştirakı ilə baş tutub.

Tədbir çərçivəsində "Xocalı faciəsi - qanlı yaddaş və anım" mövzusunda fotosərgi və seminar təşkil olunub.

Çikaqo şəhərinin ictimai xadimləri, Azərbaycan, Türkiyə, Qırğızıstan, Pakistan, Hindistan və Moldova icmalarının nümayəndələri tədbirdə iştirak ediblər.

Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin sədri Mehriban Məmmədova tədbiri açaraq Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüb.

Sonra Çikaqo şəhərində yaşayan azərbaycanlı gənc fəallar – Leia Zarinebaf və Nəzrin Məmmədova Xocalı soyqırımı ilə bağlı təqdimat edərək tədbir iştirakçılarını məlumatlandırıblar. Təqdimat Çikaqo şəhərində yaşayan istedadlı gənc Araz Zarinebagın ud alətində "Sarı gəlin" mahnısının ifası ilə müşayiət edilib.

Daha sonra Xocalı faciəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

Azərbaycanın ABŞ-dakı konsulu Emil Muradzadə iştirakçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti, xalqımıza qarşı törədilən etnik təmizləmə ilə bağlı faktlar və soyqırımı cinayətləri barədə ətraflı məlumat verib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlayan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası barədə söz açan diplomat bu maarifləndirmə aksiyasının məqsədi barədə danışıb.

Türkiyənin Çikaqo şəhərindəki baş konsulu Umut Acar Xocalı faciəsi və erməni terrorçuları tərəfindən Türkiyə diplomatlarına qarşı törədilən cinayətlər barədə məlumat verib, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün belə tədbirlərin vacibliyini vurğulayıb. Bundan əlavə, o, Türkiyə-Azərbaycan qardaşlıq münasibətləri barədə də ətraflı məlumat verib. Qeyd edilib ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edərək Cənubi Qafqazın ən güclü dövlətinə çevrilib. Türkiyəli diplomat belə bir tədbirin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara minnətdarlıq edib.

"Orta Asiya Səmərəliliyi" tədqiqat mərkəzinin rəhbəri professor Harri Lepinski çıxışında Cənubi Qafqazdakı vəziyyət və Xocalı faciəsinin dəhşətləri barədə danışıb.

Ukraynanın Çikaqo şəhərindəki vitse-konsulu Aleksandr Luşik Azərbaycan ərazilərinin bu günədək işğal altında qaldığını qeyd edib, bir ukraynalı kimi xalqımızın dərdinə şərik olduğunu bildirib.

Ukrayna Amerika Konqresinin Direktorlar Şurasının sədri Roman Yatskovski tarixdə insanlıq əleyhinə törədilən cinayətlərin oxşar cəhətlərindən bəhs edib, bu kimi cinayətlərin təkrarlanmaması üçün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və cinayət iştirakçılarının məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.

Çikaqo şəhərində fəaliyyət göstərən Özbəkistan cəmiyyətinin sədri Serajuddin Nasafi Özbəkistan ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərindən danışıb, Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar xalqımıza başsağlığı verib.

Mərasimə xüsusi qonaq qismində qatılan Holokostun canlı şahidi xanım Janin Oberrotman şahidi olduğu faciə ilə bağlı acı xatirələrini bölüşüb, Holokost və Xocalı faciələrinin oxşarlığından, insanların çəkdikləri əzab-əziyyətlərdən danışıb. O, valideynlərinin Holokost zamanı qətlə yetirildiyini bildirərək, insanlıq əleyhinə cinayət törədən şəxslərin bağışlanmasının mümkünsüzlüyünü qeyd edib.

Azərbaycanlı gənc Araz Zarinebag ud alətində "Bayatı-Şiraz" muğamı və türk musiqisindən parçalar səsləndirib. Onun ifaları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda Xocalı faciəsi zamanı həyatını itirən soydaşlarımızın ruhuna ehsan verilib.

Qeyd edək ki, ABŞ Senatında İllinoys ştatını təmsil edən Temmi Dakuors (Tammy Duckworth) tərəfindən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinə ünvanlanmış məktubda Xocalı faciəsi qurbanlarının xatirəsinin anılması ilə bağlı mərkəzə minnətdarlıq ifadə edilib. Daha yaxşı gələcək qurmaq baxımından tarixi faktların tanıdılmasının vacibliyini qeyd edən senator bu kimi halların təkrarlanmaması üçün birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Həmçinin Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar ABŞ Konqresinin üzvü Bobbi Raş (Bobby Rush) tərəfindən rəsmi bəyanat verilib. Konqresmen bəyanatda Xocalı faciəsi qurbanlarının xatirəsinin ABŞ-da anılmasının dünya xalqları arasında anlaşmanı, əlaqələndirməni və dözümlülüyü daha da artıracağına əminliyini ifadə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər