“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstək olduğu startaplar beynəlxalq miqyaslı müsabiqələrdə ölkəmizi uğurla təmsil etməyə davam edirlər. Bu dəfə, mərkəzin gənc rezidentlərindən “Dataforest” böyük uğura imza ataraq, “İKT tətbiqi: Həyatın bütün aspektlərində fayda – E-biznes” kateqoriyasında (Action Line 7. ICT Application: Benefits in all aspects of life - E-business) “İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti”nin (WSIS) çempionu seçilib. İlk dəfə 2012-ci ildə keçirilən “WSIS”, rəqəmsal sahələrdə mövcud trendlərin, yeniliklərin və çətinliklərin müzakirə olunduğu ən iri toplantı hesab olunur.
Qeyd edək ki, “Dataforest” “WSIS” Pay Sahibləri cəmiyyəti tərəfindən təsdiqlənən 1064 layihədən biri idi. 2019-cu il, 8-12 aprel tarixləri ərzində İsveçrənin Cenevrə şəhərində keçiriləcək “WSIS 2019 Forumu”nda “WSIS” cəmiyyətinin 2 milyondan artıq səs toplayan 18 qalib və 72 çempion layihəsinin mükafatlandırılması gözlənilir.
Məlumat üçün bildirək ki, “Dataforest” dünyanın hər yerindən öz məlumatlarını yükləmək və paylaşmaqla asudə vaxtlarında pul qazanmaq istəyən insanları, eləcə də şirkətləri birləşdirən unikal bir platformadır. “Dataforest”- müxtəlif məlumatı özündə cəmləyən keyfiyyətli, sürətli və rahat bir mənbədir. 2018-ci ildə “MİT Qlobal Startap Laboratoriyası”nda yaranan startap, ölkəmizdə də qısa müddət ərzində böyük nailiyyətlər qazana bilib. Belə ki, “MİT GSL Azerbaijan Demoday”inin qalibi olan layihə, “AWITA 2018”də “İlin Startapı” kimi mükafatlandırlıb.
Qeyd etmək istərdik ki, bu il fəaliyyətinin 10 illiyini qeyd edəcək Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, “Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə əsasən informasiya texnologiyaları sahəsinə aid layihələrin və startapların şirkətləşməsinə kömək edir. Ölkənin ilk biznes inkubatoru olan mərkəz 20-yə yaxın uğurlu layihəyə ev sahibliyi edib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.