Neftin hasilatı, nəqli, saxlanılması, emalı və satışı zamanı neft dağılmalarının qarşısını almaq və bu hallarla mübarizə aparmaq üçün 2013-cü ildə Dövlət Neft Şirkətinin (ARDNŞ) Fövqəladə Hallar Komissiyasının nəzdində “Neft və neft məhsullarının dağılmalarının xəbərdarlığı və ləğvi əməliyyatlarının idarə olunması” üzrə işçi qrup yaradılıb.
ARDNŞ-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, şirkətin Ekologiya İdarəsi tərəfindən isə dəniz və quru ərazilərində işləyən bütün struktur bölmələrin fəaliyyət sahələrini əhatə edən “ARDNŞ-nin neft dağılmalarının xəbərdarlığı və ləğvi planı” (NDXLP) hazırlanıb. Planın hazırlanması zamanı mövcud qanunvericilik, habelə ARDNŞ-nin struktur bölmələrinin “Fövqəladə hallara hazırlıq planı”, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən hazırlanmış “Dənizdə neft dağılmalarının xəbərdarlığı və ləğvi Milli Planı” layihəsinin tələbləri əsas götürülüb, aidiyyatı mütəxəssislərlə müzakirələr aparılıb, rəy və qeydlər nəzərə alınıb.
FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ARDNŞ, BP neft şirkəti və digər təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunmuş seminarda NDXLP-nin layihəsinin təqdimatı keçirilib və plan müsbət qiymətləndirilib. ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi arasında əməkdaşlıq çərçivəsində cəlb olunmuş neft dağılmalarına qarşı cavab tədbirləri üzrə beynəlxalq məsləhətçi-ekspert tərəfindən plana müsbət rəy verilib. ARDNŞ prezidentinin müvafiq əmri ilə NDXLP təsdiq edilib.
Yaxın zamanlarda isə NDXLP-nın tələblərinə uyğun olaraq, ARDNŞ-nin neft dağılması ehtimalı yüksək olan obyektlərində (qurğular, boru kəmərləri, çənlər və s.) texniki vəziyyətin və neft dağılmalarına qarşı cavab tədbirləri üzrə mövcud imkanların qiymətləndirilməsi aparılacaq. Planın icra mexanizmlərinin müəyyənləşdirilməsi, neft dağılmalarına qarşı qabaqlayıcı tədbirlərin görülməsi, dağılma baş verdiyi halda nəticələrinin aradan qaldırılması və ekoloji bərpa işlərinin aparılması üçün konkret fəaliyyət tədbirləri hazırlanacaqdır. Plan çərçivəsində kosmik monitorinq sisteminin təşkil olunması da planlaşdırılır. Neft dağılmalarına qarşı hazırlığın yüksəldilməsi, mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün müvafiq təlim kurslarının, seminarların, təlim-məşqlərin keçirilməsi nəzərdə tutulub. Planın yerinə yetirilməsi istiqamətində FHN, ETSN, BP neft şirkəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərkosmos” ASC və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir.
Naibə