Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2019/2020-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir.
DİM-dən Teleqraf.com-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə olunmasına 257 imtahan rəhbəri və 2845 nəzarətçi-müəllim cəlb olunub.
İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək.
İmtahanda 35 422 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14 031 abituriyent II qrup üzrə, 21 391 abituriyent III qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 32 585 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 12 645, III qrup üzrə 19 940 nəfər), 2837 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1386, III qrup üzrə 1451 nəfər) məzunudur. Abituriyentlərin 15 823 nəfəri oğlan (II qrup üzrə 9538 nəfər, III qrup üzrə 6285 nəfər), 19 599 nəfəri isə qızdır (II qrup üzrə 4493 nəfər, III qrup üzrə 15106 nəfər). 30 654 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3786 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 55 nəfər ali təhsil müəssisələrinin, 927 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 165 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü il, ən gənci isə 2004-cü il təvəllüdlüdür.
Bakı şəhərində 15 158, Naxçıvanda 1799, Gəncədə 3750, Sumqayıtda 1709, Mingəçevirdə 1553, Şəkidə 1880, Bərdədə 2041, Göyçayda 1445, Şirvanda 2224, Lənkəranda 2387, Xaçmazda isə 1476 abituriyentin imtahan verəcəyi gözlənilir.