24 May 2019 09:37
18 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un Brifinq layihəsinin qonağı əməkdar artist, bəstəkar Gövhər Həsənzadədir.

Nərgiz Ehlamqızı: Gövhər xanım, dünyada “Avroviziya” müsabiqəsinə maraq və həvəsin azaldığını iddia edənlər var. Bu qənaəti bölüşürsünüzmü?

- “Avroviziya”ya marağın azaldığını düşünmürəm. O cümlədən Azərbaycanda... “Avroviziya” Azərbaycanın öz sənəti ilə Avropa auditoriyasında təmsil olunduğu birinci layihə idi. Ona görə də tamaşaçının bütün fikri-diqqəti, zövqü, istəyi oraya yönəlmişdi. Şükürlər olsun ki, “Avroviziya”dan sonra Azərbaycan bir çox möhtəşəm beynəlxalq layihələrə ev sahibliyi etdi.

“Avroviziya” ölkəmizdə keçiriləndən sonra turistlərin, xarici jurnalistlərin gəlişi ilə Azərbaycanın dünya xəbər proqramlarına çıxış imkanları çoxaldı. Tamaşaçılarımız da layihələrə uyğun bölündülər, musiqini, müasirliyi, estradanı, şounu sevən tamaşaçılar “Avroviziya”ya kökləndi, idmana, mədəniyyətin başqa qollarına maraq göstərənlərsə başqa beynəlxalq tədbirlərə yönəldilər.

Kənardan belə görünür ki, sanki dünyada bu gün “Avroviziya”ya maraq bir o qədər güclü deyil. Halbuki hər dəfə ekran qarşısına keçəndə geniş tamaşaçı kütləsini görürük. Hər kəsin öz bayrağına sadiq olaraq mübarizədə özününkünü öndə görmək arzusunu, tamaşaçı axınını müşahidə edəndə başa düşürük ki, “Avroviziya”ya maraq dəyişməyib.

Bu il 64-cü dəfə idi bu layihə icra olunurdu, bu illər ərzində tamaşaçılarla bağlı çarx hazırlamışdılar, baxdım ki, eyni şeylər 64 ildir davam edir, heç nə dəyişməyib...

“Avroviziya” bizim mədəniyyətimizi təsdiqləmək üçün lazım deyil ki... 3 dəqiqəlik mahnı bizim təbliğat imkanlarımızdan yalnız biridir. Bizə bu 3 dəqiqə ölkəmizi hər dəfə yeni tamaşaçıya tanıtmağımız üçün lazımdır. Bir sözlə, düşünürəm ki, bu yarışa maraq itməyib.

Nərgiz Ehlamqızı: Ölkə başçısının bu yaxınlarda mədəniyyət və incəsənət xadimləri ilə görüşündə müxtəlif məsələlər qaldırıldı, problemlər dilə gətirildi. İstərdim bəstəkarların qayğılarından söz açasınız, nələrin həllini vacib sayırsınız?

- Həmin toplantıda bəstəkarları Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadə təmsil edirdi. Lazımi məsələləri diqqətə çatdırdı. Bəstəkarlar İttifaqında yaradıcılıq üçün heç bir problem yoxdur. Müəyyən tədbirlərin təşkilində hansısa texniki problem çıxa bilər, amma bəstəkar üçün əsas məsələ öz masası, yaradıcılıq otağıdır. Maddi və məişət problemləri hər bir insanda var, bunu müzakirəyə çıxarmaq doğru olmaz.

Bəstəkarlar dayanmamalıdır, mən də daxil bütün yaradıcı insanlarımızda küskünlük dövrü olur. Elə bilirsən, sən heç kəsə lazım deyilsən, əsərlərin səslənmirsə, yaxud sənə kimsə müraciət edib mahnı istəmirsə, düşünürsən ki, yaradıcılığına maraq və ya ehtiyac yoxdur. Məndə də belə dönəm olub, daha çox mahnı yaradıcılığında olduğuma görə düşünmüşəm ki, artıq mahnımı istəmirlər, bəlkə də zövqlərə uyğun deyil.

Halbuki böyük sənətkarlar səni yetişdirib, sənəti sənə həvalə edib gedəndən sonra “mən küsdüm, yazmağım lazım deyil” deməyə haqqın yoxdur. Bu gün əfsuslar olsun ki, dilimizə “bayağı musiqi” deyə yeni termin gəlib. Mən belə deyərdim: Azərbaycana zidd, gələcəyimizə, sənətimizə düşmən kəsilən musiqi və musiqiçilər... İndi efirdə çox az hallarda Azərbaycan musiqisini eşidirik. Çaşmasınlar, demirik, efirə mütləq xalq musiqisi gətirin, hökmən xalq musiqisinin elementi olsun. Folklordan danışmırıq, milli estradamız, cazımız, klassikamız, hamısı Azərbaycanın milli musiqisinə, xalq yaradıcılığının peşəkar ifaçılığına köklənir.

Çox istərdim ki, müvafiq qurumlar daha çox canlı musiqiyə, müəllif konsertlərinə dəstək versinlər. Biz bəstəkarların auditoriya ilə canlı təmasa, musiqilərimizin təqdimatına çox böyük ehtiyacımız var. Arzulayıram ki, məni klassik bəstəkar kimi də tanısınlar. Amma bunu təkbaşına etməyim mənə çətin gəlir, haradan başlayacağıma belə tərəddüdlə yanaşıram. Səhnə konsertləri, yaradıcılıq gecələri kaş daha çox olsun, biz də gedib iştirak edək.

Leyla Sarabi: Sizinlə dəfələrlə görüşmüşəm. İndi başqa prizmadan baxdım, sizdə iki qadının vəhdətini gördüm. Sevimli aksessuarınız “abadok” bir az Frida Kalo stili yaradıb, bir də Monuka Belluççi ilə oxşarlığnız var. Daxilinizdə yorulanda ilham ala biləcəyiniz hansısa dahi qadın yaşayırmı?

- Doğrusu, sözlərinizdən təsirləndim. Məni məhv edən amillərdən biri də odur ki, daha çox azərbaycanlıyam. Bizə xas üç göstəricimizdən biri utancaqlıqdır. O da bizə çox mane olur. Qızım burada olsaydı, sözlərinizi eşidərdi, o, rəssamlıq aləminin fanatıdır. Frida çox gözəl qadındır, məni ona bənzətdiniz, orada köklənib qaldım, ardınca ikinci “nokaut”a saldınız, Monika Belluççi dediniz.

Ailə üzvlərim mənimlə həm demokratik davranırlar, həm də çox sərtdirlər, həmişə deyirlər ki, sən Monikanın nəyinə oxşayırsan, səni niyə ona bənzədirlər?.. Mən də cavab verirəm ki, gözəllik baxımından demirlər, məni Monika Belluççinin obrazına bənzədirlər.

Çünki o qadın sanki sadəcə qadın geyimindədir, amma baxışlarından görürsən ki, sona qədər, deyəsən, hər şeyi demir. Güclü qadındır. Kişiliyə xas heç nəyə iddialı deyil, qadın zəifliyini üzdə göstərir... Nə qədər Monikaya oxşasam da mən zəif qadınam, bu, ideal yanaşmadır.

Sofi Lorenin çox maraqlı obrazı var. Biri nəyəsə olduğundan artıq iddia irəli sürəndə, ətrafdakılar da müəyyən səbəblərdən “bəli” deyib dəstəkləyəndə, mən artıq əsəbiləşib özümdən çıxıram. Deyirlər, sənin nəyinə lazımdır, görmürsən ki, bu, belə olmalıdır? Həmin an mənə Sofi Loren obrazı daha yaxın olur.

Güclü qadın obrazını ən səmimi obraz sayıram, ən güclü qadın zəifliyini nümayiş etdirən yox, hiss etdirəndir. Çığırıb-bağırıb, aləmi qatıb, özündən, Allahından başqa kiməsə güvənib onun gücünü əyninə geyinərək hansısa mübarizəyə qatılan qadınlara nifrət edirəm. Qadın – qadın yerində olmalıdır, sevildiyinə, Allah tərəfindən analıq tituluna layiq görüldüyünə görə dünyanın ən yüksək zirvəsindədir.

Qurban Yaquboğlu: Deməli, feminist deyilsiniz.

- Yox, ən acığım gələn şey insanları cinslərə bölməkdir. Amma hamı insan adına layiq deyil. Hər dəfə Frida haqda oxuyanda onun obrazında ilişib qalıram. Sevgiyə nə qədər sadiq insandır! Özü bu qədər xəyanət görə-görə böyük sevgisinə niyə bir dəfə də xəyanət eləmir? Bizim saçımız bir az ağaranda, üzümüzə qırış düşəndə, tərəddüd yaşayırıq. Qurban olduğum Allah bu qədər imtahanlara rəğmən Fridanın gözəlliyini heç vaxt almayıb. Üzündəki bəzi cizgilərə süni müdaxilə də etməyib. Son anına qədər bu insan həyata, yaradana minnətdar olub, heç eybəcərləşmədi, sevərək bu dünyanı tərk elədi.

Qurban Yaquboğlu: Fridaya rəğbətinizdə bioqrafik oxşarlıq amili yoxdur ki?

- Yox, sözün açığı, mən də Allahın sevimli bəndəsiyəm, o, heç vaxt məni darda qoymayıb, sevgini az verməyib.

Fridanın üzdə olan şikəstliklərini mən həyatım boyu daxildə yaşamışam. O, göz qabağında idi, qüsurlarını yox, xəyanəti gizlətdi, mən də şikəstlikləri nümayiş etdirməyi istəmədim. Demirəm, güclü qadın obrazıyam, nə vaxtsa 100 il sonra yadda qalacam, kimsə deyəcək, Gövhər Həsənzadə obrazı-filan... Elə qadın yoxdur ki, həyatda zərbələr almasın. Kişilərimiz qolunun gücü, seçimi ilə durumunu daha asan yerbəyər edər, qadın isə tabe olan tərəf olduğuna görə olmuşları ancaq gizlətməklə, daxildən güc toplamaqla həyatını davam etdirə bilər.

Bu günə qədər həyatda qarşılaşdığım imtahanlardan narazı deyiləm. Yaddaşım qala-qala məni əvvələ qaytarıb desələr, indi başqa seçim et, ola bilsin, hansısa səhvləri düzəltmək istəyərəm, amma dərindən düşünəndə nəyisə dəyişsəm, həyatımdakı insanların, indiki yerimin olmayacağını biləndə yenə də bilərəkdən həmin səhvləri edəcəyəm ki, yol məni gətirib bu gün olduğum yerə çatdırsın.

Nə gözəl ki, bu taleyi yaşamışam, 10 milyonluq Azərbaycanın içərisində masanın başında məni oturtmusunuz. Mən nə istəyirəm ki? Bundan artıq nə olmalıydı? Azərbaycanda sevilmək bilirsinizmi nə qədər çətindir? Bizdə axı, heç nə bəyənilmir, əsasən qüsurlar axtarılır.

Gənc vaxtlarımda indiki Heydər Əliyev adına sarayda çalışmışam, tələbə partasından qalxıb getmişdim, o qədər optimist idim ki, məni quruluşçu rejissor təyin eləmişdilər. Hamı baxırdı ki, qara, arıq qızcığaz ora-bura qaçır, sakitləşmir, amma o vaxt başlamasaydım, indi buralara gəlib çıxmazdım. Onda sibirli balası Valeri Leontev təzə-təzə Rusiyanı fəth etməyə başlayırdı. O da mənim kimi arıq biri idi, çox kövrək addımları atırdı. Lev Leşenko da rus estradasının aparıcı müğənnilərindən idi.

O zaman konsert birlikləri vardı və hər kəs respublikalara turneyə çıxırdı, Leontev müsahibəsində deyirdi: “Leşenkoya Azərbaycana konsertə gedəcəyimi dedim, o isə böyük kimi qayıtdı ki, sən hələ addımlarını təzə-təzə atırsan, neyləyirsən, ora niyə gedirsən? Mən də tərəddüd etdim ki, ora nə olub ki? Dedi ki, Azərbaycan tamaşaçısının qarşısına çıxmaq üçün illərlə Rusiyanı, başqa ölkə tamaşaçıları fəth edib sonra azərbaycanlılar qarşısına çıxmağa ürək edə bilərsən. Sən bilirsənmi Azərbaycan cazın ikinci Vətəni sayılır, tamaşaçıları hansı savadın sahibidir, Azərbaycan tamaşaçısının təhlükəli tərəfi var, ya bir konsertinlə bütün qapılar açılacaq, ulduz olacaqsan, alqış almasan, böyük səhnəyə çıxmaq üçün daha şansın qalmayacaq. Ona görə də heç kəs ora ürək edib getmir, orada çox yüksək zövqlü insanlar var”.

Leyla Sarabi: Sizcə, indi yüksək zövqlü insanlar qalıbmı?

- Burası qəmli hissədir. Leontev deyir ki, məni bu risk çox maraqlandırdı və dedim ki, gedəcəyəm. Söyləyirdi ki, bəlkə də həyatımın ən böyük imtahanını Bakıda konsert salonunda verdim, tamaşaçı alqışı qazanıb öz vətənimə qayıdanda dedim Bakıdan qayıdıram, bu da mənim nailiyyətim...

Deməzdim bu gün Azərbaycan tamaşaçısı zövqlü deyil. Bəlkə də əsəblərimizi tarıma çəkən ifalar, süni şoular keçid dövründə olmalı idi ki, ələnib getsin. Buna başqa ad qoya bilmirəm. Həmin azərbaycanlılarıq ki, bizim üçün uşağın savadı, təhsili birinci yerdədir. Dəyişməmişik, əlindən yapışıb musiqiyə də, idmana da aparırıq, dillərdən repetitor da tuturuq, uşağımızın savadı az olsa da, mütləq ali təhsil almalıdır. Bunlar hamısı bizdə qalıb, süfrə başında oturanda hamı bir-birindən daha çox bilgili olduğunu göstərmək istəyir, xanımlarımız bir-birindən daha gözəl süfrə açmağa çalışır, desinlər bunun şəkərburası onunkundan daha gözəldi. Bu iddialar bizdə qalıbsa, ən yüksəyini istəyiriksə, zövqümüz korlana bilməz, o cılız ifaları sevə bilmərik.

Mənə elə gəlir ki, bu da bir forma idi, gəldi, keçdi. Bəlkə də biz boşluğa yol verdik. Öz adıma deyirəm, Gövhər, vaxtında Türkiyəyə üz tutdun. Həyatda məişət problemləri olur, insan istəyir iş yeri, gəliri olsun, bunu öz zəhməti ilə qazansın. Mənim bacardığım musiqi yazmaqdır, ailə büdcəmə bununla dəstək verə bilərəm. Türkiyəyə getdim, mahnılarım böyük adların, orkestrlərin ifasında səsləndi, fikrim bir az orada qaldı. Bəlkə mən də buradan heç yerə çəkilməməliydim, elə bəziləri kimi kimisə məcbur edəydim ki, gəl, mənim mahnımı oxu.

30 ildir bu işin içindəyəm, bu günə qədər o ürəyin sahibi olmamışam ki, kiməsə deyim, bir mahnım var, əsl sənin üçündür, gəl, onu oxu. Elə oturub gözləyirəm ki, o özü nə vaxt mənə müraciət edəcək. Nəticədə boşluq yarandı.

Amma səhvlərimizi düzəltmək üzrəyik. Məsələ telekanallarda Bədii Şuralar yaranmağa qədər gəldi çıxdı ki, artıq insanlara deyəcəklər, oğlum, özünü belə aparma, qızım, bu paltarı geyinmə. Özü də bu, senzura deyil. Çox adam elə bilir, qadağalar qoyulacaq. Biz elə ölkədə yaşamırıq ki, kimsə kiməsə nəyisə qadağan eləsin. Sadəcə tövsiyələr ola bilər. Neyləyə bilərik? Mahnı yazıb efirlərdə daha çox olmalıyıq ki, bayağı musiqilərə yer qalmasın.

Nərgiz Ehlamqızı: Efirlərdən danışdınız, Yutubda seçim izləyicinin öz əlindədir, naşı adlandırdığımız bəzi mahnıların baxış sayı fantastik rəqəmlərlə ölçülür...

- Mən Yutub səmimiyyətinə inanmıram. Sabah başımı ağrıtmağa başlayacaqlar, müsahibəni kənara qoyub “Mən Yutuba inanmıram” başlığını seçib, müzakirə edəcəklər. Yutubla nə qədər əlaqə qurmağa çalışmışam, həmişə məni yönləndiriblər, mərkəzi guya kosmosdadır... Heç vaxt axırına gedib çata bilməmişəm, özbaşına səhifələr açılır. Hamı deyir ki, sən nədən şikayət edirsən, bəlkə Gövhər Həsənzadənin adına 20 səhifə var, oradan gələn gəlir kifayət deyil? Vallah, bəlkə harasa pul gəlir, mənə kimsə sürprizi açıqlayacaq.

Mən hər dəfə Bəstəkarlar İttifaqına daxil olanda korifey sənətkarlarımızın fotolarını görüb, əyilib keçirəm ki, yəqin nə vaxtsa mənim də şəklim burada asılacaq, bu, məsuliyyətdir.

Məni ATV-də Bədii Şuraya seçdilər, özü də masa arxasında oturanlar çox böyük şəxsiyyətlərdir. Azər Xəlilov başda olmaqla ATV kanalının kollektivinə, Bədii Şuranın sədri Etibar Babayevə təşəkkür edirəm. Biz seçildik, bunun məsuliyyət tərəfi də var, sabah efirdə olan çatışmazlığa görə deyəcəklər cavab ver. Hər şeyin sıfırdan peşəkarcasına dəyişməsi üçün zaman lazım olacaq.

Hər şey pulla idarə olunduğundan bu eybəcərliklər ortaya çıxır. Kommersiya layihələri olmalıdır, telekanallar dolanmalıdır, yaşamalıdır. Burada qanun pozuntusu yoxdur, amma vicdan, şərəf, milli qürur deyilən bir şey var. Mən ödəniş etmişəmsə, kanalın mənim qoyduğum reklama ehtiyacı varsa, bu, o demək deyil ki, efirdə nə istəyirəmsə, edəcəyəm.

Sözün açığı, belələri öz eybəcərlikləri ilə sənətimizi, xalqımızi təhqir edir. Azərbaycana gələn turistlər kanala baxanda sənətimizi bu cür təqdimatla tanıyacaqlar. Bu, artıq vicdan məsələsidir. Azərbaycan sənətinə mənşəyi məlum olmayan musiqilər, ritmlər, mətnlər, ifalar nə olur-olsun bu kommersiya layihələrinə daxil olmamalıdır. Reklam yerləşdirən təşkilatlar belə bu məsələyə vətəndaşlıq borcu baxımından yanaşmalıdır ki, öz məhsulumun reklamını Azərbaycan sənətinə ləkə gətirən formada istəmirəm.

“3-5 nəfər hörmətli insan masa arxasında yığışıb məcbur nəyisə elədi” deyilən bir şey olmayacaq. Hamıya pul lazımdır. Bəli, mənə dəfələrlə “Avroviziya” müsabiqəsinə mahnı yazılması üçün təklif olub. Cavab vermişəm ki, Azərbaycan təmsilçisinin olduğu meydanda məni rəqib görməyin.

Nərgiz Ehlamqızı: Təklif başqa ölkədən olub?

- Bəli, çox yüksək məbləğ təklif edilib. Adımı çəkirlər ki, ən bahalı bəstəkaram. Bir dəfə canlı efirdə idim, guya məni pərt eləmək üçün dedilər ki, bahalı bəstəkarsınız, deyirlər, mahnılarınızı 5-7 min manata satırsınız? Deyirəm, bəli, 10-15 min manata, hətta ondan da yuxarı satıram. Siz soruşun alan varmı? Bazar yoxdur. Çox gözəl qiymətlə “Avroviziya” üçün müraciət etdilər, amma vicdan tərəfi var, Azərbaycan olan yarışda mən başqa ölkənin tərəfində nə gəzirəm? Olmaz!

Mənsur Rəğbətoğlu: Bəs bizimkilərə niyə yazmırsınız?

- Mən yazıram, oxuyan varmı? Firəngiz Əlizadə bu işə çox həssas yanaşır. Deyir kaş ki, Bəstəkarlar İttifaqı da bu layihəyə cəlb olunaq. Nəticələr əldə olunana bir həftə qalmış yox, bir az tez bizə də desinlər, 5-10 mahnı da ittifaq adından təqdim edək. Uyğun olmazsa olmasın, ola bilər desinlər ki, təşkilatçılar bu il “Avroviziya”da bu tərz musiqi istəmədilər, amma biz də bu prosesdə iştirak edək. Heç kəs deməsin ki, gətirib verəydin də... Bəstəkarla belə işbirliyi olmur, onun 50 mahnısı var, hansını gətirsin?

Səsyazma studiyasına girməli, öz müğənnisini tapmalıdır, onu ifa etdirməlidir, ona maliyyə ayrılmalıdır. Heç demirəm, maliyyə ayrılsın. Desinlər kimin imkanı var, mahnını öz hesabına hazırlayıb gətirsin, o siyahıda Gövhər Həsənzadə imzası olmasa, çağırın məni elə redaksiyanıza soruşun, hanı mahnın?..

10 il stabil olaraq keyfiyyəti 2008-ci ildən aşağı olmayan mahnı yazmağa imkanım var. Necə ki biz birinci dəfə “Avroviziya” müsabiqəsi üçün mahnını 3 günün içində ərsəyə gətirmişdik, burada Vətən mövzusu vardı. Bizdə patriot mahnı deyəndə hamı gedir ya marş yazır, ya da yallı stilində Cəngini qoyub deyirlər vətənpərvər mahnı yazdım.

Halbuki vətənpərvər musiqi dili başa düşməyən insanın onu dinləyəndə sanki sənin Vətənində gəzib gəlməsi deməkdir. İnsanın içində vətənpərvərlik olanda doğrudan da yaradıcı insandırsa, bir günə də mahnı yaza bilir.

Mənsur Rəğbətoğlu: Bəs bu sahədə problem nədən ibarətdir?

- “Avroviziya” qapalı, lisenziyası olan layihədir. Bəlli təşkilati komitə bu layihəni icra edir. Təşkilati komitə də yəqin “Avroviziya”nın baş idarəsi ilə təmasda olur və orada musiqinin tərzi barədə birgə qərarlar verilir. Bunlar hamısı mənim fərziyyəmdir. Gələn il ümidvaram ki, Bəstəkarlar İttifaqına müraciət olunacaq.

Qurban Yaquboğlu: Azərbaycan telekanallarında yaxşı musiqi adına adətən retro mahnılar verilir. Tamaşaçıda belə qənaət yaranır ki, bəstəkarlarımızın milli ənənəni ifadə edən və efirə verilə bilən mahnısı yoxdur. Boşluq əmələ gəlib, ona görə də naşı musiqi efirə yol açır...

- Tofiq Quliyevin 100 illiyi qeyd olundu, dövlət tərəfindən bir çox tədbirlər keçirildi. Bu tədbirlər sırasında Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və AzTV-nin birgə təşkilatçılığı ilə Tofiq Quliyev adına I estrada mahnı müsabiqəsi də təşkil olundu. Bəstəkarlara müraciət olundu ki, hər kəs mahnı təqdim eləsin.

Biz bu problemlərin həllinə buradan başlamağı düşündük ki, bəstəkarların not yazanını ortaya çıxaraq, efirə təqdim edək, camaat da mahnı yazanları görsün. Elan etdik, 67 müraciət gəldi, zərflərin içində qapalı not gətirdilər. Şəxsən özüm sənət dünyasından “mənim yaradıcılığım”, “peşəkarlığım”, “mahnılarım” deyənlərin hamısına yazdım, zəng elədim, az qaldı yalvardım ki, eybi yox, əgər not da yaza bilmirsinizsə, gündəmdə olan insanlarsınız, gətirin mahnıları Bəstəkarlar İttifaqında yazaq, özünüz kodlaşdıraq, heç mən də müəllifin kim olduğunu bilməyəcəyəm. Çünki mən münsiflər heyətinin üzvü idim. Eləcə də Firəngiz xanım Əlizadə, Rauf Babayev, Vüqar Camal jüri idi. Mən yalvarmağımda qaldım, heç kəs mahnı gətirmədi.

Fikirləşdilər ki, Yutubda 7 milyon baxış sayım var, neyləyirəm not yazıb aparıb verim... Zərfləri açdıq, mahnıları seçdik, bəzi notlar hətta saralmış vəziyyətdə göndərilmişdi, hətta öz aramızda dedik ki, kimdirsə, bizim dövrümüzdə konservatoriyada oxuyanlardandır. 10 yer idi, kodları açan komissiyanın digər üzvləri adları deyəndə məlum oldu ki, müəlliflərin hamısı Bəstəkarlar İttifaqının üzvüdür.

Deməli, dinlədiyimiz və mahnı dediyimiz musiqilər peşəkarların yazdığı mahnılardır. Sonra qala gecəsi keçirdik, kassanı açıq qoyduq, düşündük ki, heç kəs konsertə gəlməz, peşəkarların yazdığı mahnını ulduzlar oxumalıdır ki, konsertə onlara görə gəlsinlər və həm də mahnıya qulaq assınlar. Çünki kimdir tanınmayan bəstəkarın mahnısını oxuyan solistə qulaq assın.

Bütün ulduzlarımıza zəng elədim, heç kəs vaxt tapıb gəlmədi. Peşəkarların tanıdığı solistlər sağ olsunlar gəldilər, Azərbaycan Teleradio şirkətinin estrada simfonik orkestri, xalq çalğı alətləri orkestri və estrada qrupunun bir yerdə hazırladığı canlı ifa ilə çox möhtəşəm səslənmə vardı.

Düzdür, salon doldu, bilet alanlar da vardı, konsertin rejissoru mən idim, bitəndə dedim, çıxaq gedək, kimdir gələn. İnanın o qədər tərif eşitdim, konsertə gələnlər dedi ki, biz televiziyada retro konsertlərin müasir formatını gördük. Başa düşdüm ki, tamaşaçılar o mahnıları eşitmək istəyirlər, sadəcə o mahnıları təbliğ etmirlər, şərait yoxdur. Hamı Gövhər Həsənzadə deyil ki, populyarlıqdan istifadə edib haradasa mahnılarını təqdim edə bilir. Bizim mahnı yazan bəstəkarlıarımız evdə yazırlar, maaş alırlar. Mahnılarını tanıtmağa imkanları yoxdur. Biz özümüzə necə yardımçı ola bilərik?

Efirlər təbliğat məkanıdır, Bəstəkarlar İttifaqı ilə çox sıx əlaqəyə girsinlər, şərait yaratsınlar. Bizim bu gün retro dediyimiz mahnılar peşəkar Azərbaycan mahnılarıdır, həmin mahnılardan yenə yaradılır. Forması, strukturu, dili peşəkar olan mahnılarımız çoxdur, bəstəkarlarımız da yetişir. Efirlər nə isə fikirləşməli, həftədə 1-2 dəfə peşəkar mahnılara vaxt və verilişlər ayırmalıdır, tamaşaçı o bəstəkarları tanımalıdır. Qarşılığında maddi tələb olmamalıdır. Yaxud iş adamları, Vətənini sevən adamlar gəlib deməlidir ki, mən reklama ancaq peşəkar mahnıların səsləndiyi verilişə qoyacağam.

Qurban Yaquboğlu: Klassik musiqi yazırsınız?

- Uşaqlıqdan ən böyük arzum balet yazmaq olub. Özüm balerina olmuşam, uşaq ikən səhnədə çıxışlarım olub, baletdə iştirak etmişəm, azərbaycanlıyıq, valideynlərim deyib ki, balet bir yerə qədərdir, daha dərslərini oxu. Bədii gimnastika üzrə qalibiyyətim də olub.

Gəlib musiqidə sakitləşdim, dedilər, daha bəsdir, burada dayan. İndi də o arzum ürəyimdədir. Bu keşməkeşli həyatda müzikl yazmağa gücüm çatıb. Birinci ciddi əsərim odur, inşallah, işıq üzü görər, yəqin onun da zamanı gələcək.

Konservatoriyada musiqi korifeylərimizdən Cövdət Hacıyevin sinfini bitirmişəm. Sonata, kvartet ərsəyə gətirməsəydik, kim idi bizə diplom verən... Ciddi musiqi hər bir bəstəkarın ən böyük arzusudur. Kim deyirsə, bu gün populyaram, mahnı yazıram və bu, mənim zirvəmdir, hər şey əldə etmişəm. İnanın, səmimi deyil.

Leyla Sarabi: Arzulamırsa...

- Bilirəm ora gəlib çatacaq. Etibar Babayevi böyüklüyünə görə çox sevirəm, o deyirdi ki, hətta deyərdim bir nəsil Gövhər Həsənzadə musiqisində böyüdü.

Leyla Sarabi: Bəli, o nəsil bizik...

- Nə gözəl. Deməli, küsməyimə dəyməzmiş. Rəhmətlik Cövdət müəllimin qulağından iraq, o, bilsəydi ki, mahnı yazacam, məni öldürərdi. Tələbəlik dönəmində mahnı yazmaq bilirsinizmi, nədir? Səni konservatoriyadan qovardılar. O vaxtlar hər şeyi gizli edirdim. Əlbəttə, öz yoluma nə ilə çıxmışamsa, oraya gəlib çatmalıyam.

Qurban Yaquboğlu: Yəqin balet yazacaqsız...

- Mütləq. Muziklı yazdım, bir az özümü təsdiqlədim. İşim bu sənətə qulluq etməkdən ibarətdir. Gənc yaşlarından işə başladığıma görə gücüm mahnıya çata bilərdi. Deyim ki, 25-30 yaşda böyük balet yazıb Azərbaycan sənətinə töhfə verəcəkdim, xeyr! Balet 50 yaşdan sonra yazılmalıdır. Azərbaycan musiqisini də mükəmməl bilməlisən, zəmanəni də yaşamalısan, tarixə, mədəniyyətə də bələd olmalısan.

Bizim klassik musiqini xalçalarımıza bənzədirəm. Xalçanı toxuyan uşaq başqadır, xalçanın nə olduğunu bilmək, onun rəssamı olmaq başqa şeydir. Gərək ilmələri yaxşı bilim. Mənə elə gəlir ki, sənətimin xalçasını toxuyacağam, müəllimlərimin, bu qədər camaatın vaxtını boş yerə almadığımı sübut edəcəyəm.

Mənsur Rəğbətoğlu: Küsməkdən danışdınız, o vaxt niyə yaxanızı kənara çəkdiniz?

- Mənə elə gəlirdi ki, musiqimə tələbat yoxdur, sanki gərəksizəm. Bəlkə də bu, süni şəkildə təşkil olunmuşu. Bəlkə də böyük göründüm, kiminsə yerini dar elədim. Sakitcə kənara çəkildim, sonra qardaş Türkiyədən təkliflər gəldi. Mən heç vaxt deməmişəm ki, vətənimdən köçürəm, əstəğfürullah, Allah ağlımı o dərəcədə almasın. Həmişə öz vətənimə qulluq edirəm, dünyanın harasında oluramsa-olum xalqımın nümayəndəsiyəm. Küskünlük o idi ki, özümə tələbat hiss etmirdim. Amma görünür tələbat varmış, mənim küsməyimə dəyməzdi.

Aytən Alməmmədova: Sizə ilk mahnını yazdıran səbəb nə oldu?

- Heç vaxt sifarişlə yazmamışam. Özümü də qınamışam ki, sifarişlə yazım, maddi duruma yardımçı olum, amma alınmayıb. Həyatda baş verən heç nəyə laqeyd deyiləm, çox həssas insanam. Mahnılardakı hər şeyin həyatımda başıma gəlməlidir deyə bir şey yoxdur. Onda gərək 300 yaşım olaydı... Amma küçədən qəmli keçən insanın belə dramını beynimdə yaşayıram, mahnılarım hissiyyatdan doğulur.

Mahnılarımda bir uydurma obraz da yoxdur. Hamısı doğrudan da həyatda olub. Ona görə də dinləyici onu dinləyəndə özünü mahnıda tapır, çünki auditoriya ilə dialoq qururam.

Bəzən soruşurlar, haradan mənim həyatımı bilirdiniz, cavab verirəm, ay balam, heç səndən xəbərim yoxdur... Ən şərəfli tərəf odur ki, kişilərin ürəyini kövrəltmək, onların sevimli mahnı bəstəkarı olmaq çox çətin məsələdir. Əksər mahnılarım kişi obrazına uyğundur, mənə də məhz kişi nümayəndələrimiz deyiblər ki, filan mahnınızı kasetə 12 dəfə yazmışam, dalbadal qulaq asıram. Bir kişi mahnımı dinləyib öz həyatını orada tapırsa, deməli, böyük insanam.

Mahnılarım ünvanına çatdığı üçün özümə inamım güclənib, davam etmişəm. Mahnılarımın 80 faizinin müəllifinin mən olduğumu bilmirlər, budur mənə güc verən.

Şərt deyil, adım mahnının üstündə olsun, hamı hər yerdə qışqırsın ki, Gövhərin mahnısıdır. Təki insanlar tək olanda mənim mahnımla yaşasınlar, onlara dərd ortağı olsun. Mahnıdan sonra ürəklərini boşaldıb öz həyatlarına gözəl hisslərlə qayıtsınlar. Və tək olmasınlar...


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər