6 İyun 2019 20:39
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 6-da Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, Forum çərçivəsində “Media dünya münaqişələrində: iştirakçı və ya müşahidəçi?” mövzusunda panel sessiya keçirilib.

Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın moderatorluğu ilə keçən sessiyada AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti və Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Associated Press-in prezidenti Qari Pruitt, Press Association Group-un baş direktoru Klayv Marşal, France Press-in baş direktoru Fabris Fris, Albaniya Teleqraf Agentliyinin baş direktoru Armela Krasniqi və digər ölkələrin xəbər agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Tədbirdə medianın siyasi məsələlərə, müxtəlif ölkələrdə baş verən münaqişələrə təsirindən, habelə müasir dünyada böyük problemə çevrilmiş feyk xəbərlərin yayılmasının qarşısının alınması yollarından danışılıb.

Qeyd edilib ki, bəzi kütləvi informasiya vasitələri siyasi proseslər barədə qeyri-obyektiv, yoxlanılmamış xəbərlər yayırlar ki, bu da cəmiyyəti çaşdırır, hətta mübahisələrin münaqişələrə çevrilməsinə yol açır. Kütləvi informasiya vasitələri belə hallardan uzaqlaşmalı, cəmiyyət qarşısında vəzifə borclarını yaddan çıxarmamalıdırlar.

Çıxış edənlər xəbər agentliklərinin fəaliyyətlərinin şaxələndirilməsinin, cəmiyyəti aldadan feyk xəbərlər yayan KİV-lərə qarşı birgə mübarizənin vacibliyini diqqətə çatdırıblar.

Qeyd edək ki, 75 ölkədən 15 mindən çox nümayəndənin iştirak etdiyi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu dünyada iqtisadiyyat və biznes sahələrində keçirilən ən böyük tədbirlərdən biridir. 1997-ci ildən keçirilən Forumun əsas məqsədi işgüzar dairələrin nümayəndələri arasında ünsiyyət yaratmaq, Rusiyanın qarşısında duran iqtisadi məsələlərin həlli yollarını müzakirə etmək və xarici bazarlara çıxış imkanları axtarmaqdan ibarətdir.

“Ekspoforum” konqres-sərgi mərkəzində reallaşan Forum çərçivəsində Rusiyanın müxtəlif şirkətlərinin geniş sərgisi də təşkil olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər