9 İyun 2019 15:08
331
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 iyun 2019-cu il tarixdə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 209 №-li tam orta məktəbdə Avropa İttifaqının və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində tədbir keçirildi.

Qeyd edək ki, layihənin əsas tərəfdaşı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.

Tədbiri giriş sözu ilə Sabunçu rayonu İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova açaraq, layihənin vacibliyi haqqında danışdı. O, öz çıxışında bildirdi ki, Sabunçu rayonunda Ramanı, Kürdəxanı və Zabrat qəsəbə bələdiyyələrinin rəhbərləri qadınlardır və onlarla geniş və faydalı əməkdaşlıq fəaliyyəti qurulub.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Sədaqət Qəhrəmanova çıxış edərək tədbirin əsas məqsədinin 27 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində qadın iştirakçılığının gücləndirilməsinin əhəmiyyəti haqqında danışdı. O qeyd etdi ki, gender bərabərliyinin təmin olunması məsələsi kişi və qadının bir yerdə müzakirələrin keçirilməsi, müxtəlif fikir yürütməsi və birgə çiyin-çiyinə fəaliyyət göstərməklə daha çox səmərə və nailiyyət əldə olunması üçün çox vacibdir.

“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri və “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin rəhbəri xanım Lyudmila Xəlilova geniş təqdimatla çıxış etdi və mövzu ətrafında danışdı. Dünya dövlətləri tərəfindən “İnkişaf Xəritəsi” kimi qəbul edilmiş 17 məqsəd, 169 hədəfdən ibarət Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) 5-ci – “Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınları səlahiyyətləndirmək” məqsədi yerli özünü idarəetmə orqanlarında qadın təmsilçiliyinin vacibliyini göz önünə sərdiyinə diqqət çəkən Lyudmila xanım, Bələdiyyə orqanlarında zərif cinsin təmsilçilərinin azlığı və qərər qəbuletmə prosesində yaxından iştirakına mane olan məqamlara toxundu.

Cəmiyyətdə bələdiyyə idarəçiliyi ilə bağlı məlumatsızlıq, qadınların siyasətdə iştirakının müəyyən çərçivəyə salınması, onların bələdiyyələrdə formal iştirakçılığı, bələdiyyə nümayəndələrinin bilik və bacarıqlarının yetərsizliyi və s. kimi maneə törədən amillərlə yanaşı, Qadınların yerli səviyyədə daha fəal iştirakını əsaslandıran 5 əsas – Cinsi bərabərlik, Nümayəndəlik demokratiyasının prinsiplərinə riayət, Maraqların fərqliliyi, İctimai siyasətə yeni baxış bucağı və İnsan resurslarından daha səmərəli istifadə arqumentlərinin də mövcudluğu qeyd edildi. Əlavə olaraq dünya təcrübəsində istifadə olunan “Gender Fokl Point” – “Gender bərabərliyinin təmin olunması və qadınların səlahiyyətlərinin gücləndirilməsi” anlayışını, onun tətbiq olunması haqqında da danışan layihə koordinatoru, gələcəkdə ölkəmizdə də tədbiq olunaraq əldə ediləcək nəticələrin müsbət istiqamətdə dəyişəcəyinə inandığını qeyd etdi.

Milli Elmlər Akademiyasının şöbə müdiri, professor xanım Rəna Mirzəzadə Gender bərabərliyi sahəsində bələdiyyələrin rolunu önə çəkdi və “Bələdiyyə seçkilərində fəal iştirakçı olub səs verin ki, sabah bələdiyyələrdən nə isə tələb edə biləsiniz” ifadəsiylə öz çıxışını bitirdi.

Tədbirin növbəti məruzəçi qismində iştirak edən qonaqlarından həm Maştağa bələdiyyəsinin sədri İlqar Qurbanov, həm də Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova göstərdikləri fəaliyyət və əldə etdikəri nailiyyətlər, həmçinin hələ də mövcud olan problemlərdən danışdı.

Ramana bələdiyyəsinin sədri İntizar Rzayeva isə qadınların bələdiyyə idarəetməsində iştirakının faydalılığını və qadın bələdiyyə üzvlərinin peşəkarlığı ilə yanaşı həm də bilik və bacarıqlarının inkişaf etdirilməsinə, artırılmasına ehtiyac olduğunu bildirdi. Çıxışını “cəmiyyətimizdə oğlan uşaqlarının düzgün tərbiyələndirilməsi” və “qadın bələdiyyə sədrindən həyat yoldaşı olmaz” düşüncəsindən uzaqlaşdırılmasının vacibliyini qeyd etməklə yekunlaşdıran İntizar Rzayeva, tədbir iştirakçılarını müqəddəs Ramazan Bayramı münasibətiylə təbrik edərək xoş arzularını çatdırdı.

Tədbirin sonunda, proqrama uyğun olaraq bələdiyyə seçkilərində və idarəçiliyində qadın iştirakçılığını gücləndirən tədbirləri və təklifləri müəyyənləşdirmək məqsədi ilə sorğu keçirildi və iştirakçılarla birgə xatirə fotosu çəkdirildi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər