19 İyun 2019 07:05
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vulcan” holdinqi qanadlarının uzunluğuna görə dünyanın ən böyük “Stratolaunch” təyyarəsini 400 milyon dollara satışa çıxarıb. Qiymətə təyyarə, onunla əlaqədar əqli mülkiyyət, eləcə də yerüstü infrastruktur daxildir.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, təyyarə yaradıcılarından biri “Microsoft” korporasiyasının dünyasını dəyişmiş həmtəsisçisi Pol Alen olub. “Stratolaunch” uçuş trayektoriyasını effektiv seçməyə və az enerji sərf etməyə imkan verən raket və kosmoplanların buraxılışı üçün “hava startı” sistemi kimi hazırlanıb. İkifüzelyajlı (ikigövdəli) təyyarənin qanadlarının uzunluğu 117 metrdir və bu göstəriciyə görə onun dünyada tayı-bərabəri yoxdur. Təyyarənin uzunluğu 72 metr, hündürlüyü 15 metr, çəkisi 226,8 ton, maksimal uçuş kütləsi isə 589,7 ton təşkil edir. Əvvəlcə uçuş-enmə zolağında sınaqları keçirilən “Stratolaunch” apreldə ilk dəfə havaya qalxıb.

Təyyarənin potensial alıcıları arasında kosmik şirkət sahibləri olan iş adamları İlon Mask, Ceff Bezos və Riçard Brensonun adı çəkilir. Lakin məlumata görə, təyyarənin satışı ilə bağlı danışıqlar indiyədək yalnız 1 dollar təklif edən R.Brenson ilə aparılıb. O, oxşar təklifi 2003-cü ildə “British Airways” aviaşirkətinə “Concorde” sərnişin təyyarələrinin 8,3 dollara alınmasına görə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər