16 məktəb qeyri-Azərbaycan dilidir
Bu günlərdə təhsil naziri Mikayıl Cabbarov azsaylı xalqların uşaqları üçün hazırlıq siniflərinin 2014-2015-ci dərs ilinə aid tədris planının təsdiqi barədə əmr imzalayıb. Əmr Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqlarından ibarət hazırlıq siniflərində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə verilib.
Təhsil Nazirliyinə ünvanladığımız “Azərbaycanda azsaylı xalqların övladları üçün məktəblər fəaliyyət göstərirmi?”, “Dərslər hansı dildə keçilir?”, “Həmin məktəblərdə dərsliklər hansı prinsiplər əsasında hazırlanır?” suallara cavabda bildirilib ki, Azərbaycanda azsaylı xalqların kompakt yaşadıqları ərazilərdəki məktəblərdə onların övladlarının öz dillərini öyrənmələri üçün şərait yaradılıb:
“Bu məqsədlə ayrıca tədris planı təsdiq edilib. Belə ki, azsaylı xalqlardan ləzgi uşaqlarına I-IX siniflərdə, digər azsaylı xalqların uşaqlarına isə I-IV siniflərdə öz dilləri tədris olunur”.
Məlumatda daha sonra qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 15-i dövlət, 1-i özəl olmaqla 16 məktəbdə tədris rus dilində aparılır. Qeyd edək ki, ümumilikdə respublika üzrə ümumtəhsil məktəblərinin sayı 4500-dür.
Nazirlikdən bildirilib ki, milli azlıqların kompakt yaşadığı rayonlarda fəaliyyət göstərən məktəblərdə ana dili dərsliklərinin hazırlanması da diqqət mərkəzində saxlanılır. Həmin dərsliklər bu dilin daşıyıcıları olan müəllimlər tərəfindən hazırlanır, Nazirlik tərəfindən təsdiq olunduqdan sonra çap olunub yerlərə çatdırılır.
Mikayıl Cabbarovun azsaylı xalqlarla bağlı əmrində qeyd olunur ki, məktəbəqədər və ümumi təhsil şöbəsi (Aydın Əhmədov), Tədris resursları şöbəsi (Faiq Şahbazlı) həmin tədris planının vaxtında yerlərə çatdırılmasını təmin etsinlər. Əmrin icrasına nəzarət isə nazir müavini Ceyhun Bayramova həvalə olunub.
SEVİL