19 Sentyabr 2019 17:00
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsindən 20, Digah qəsəbəsindən 12, “Göy Qurşağı” kompleksindən 22, Binəqədi rayonu “Gənclər şəhərciyi” kompleksindən 9, Astara rayonundan 1 mənzil olmaqla (ümumilikdə 64 mənzil) yeni yaşayış binalarından alınmış mənzillər şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı sahəsində mühüm addımlar atlılır. Bu kateqoriyalardan olanlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, yəni 626 mənzil təqdim edilib, bu il isə azı 800 mənzil verilməsi planlaşdırılıb. Onlardan bu gün təqdim edilən mənzillər də daxil olmaqla artıq 174 mənzil verilib. Bununla indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6828 mənzil təqdim edilib.

V.Nəsirli müharibə əlillərinin avtomobillə təminatı proqramının da gücləndirildiyini deyib. Bildirib ki, ötən il həmin vətəndaşlara 265 avtomobil verilib, bu il isə 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb ki, onlardan artıq 330-u verilib. Beləliklə, indiyədək 6474-dək avtomobil müharibə əlillərinə istifadəsinə verilib.

Nazir müavini diqqətə çatdırıb ki, cari ildə dövlət başçısının təqdim etdiyi iki sosial islahat paketi 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub, onların sırasında şəhid ailələri və müharibə əlilləri də var. Belə ki, həmin vətəndaşlara yönələn təqaüd və müavinətlərin, pensiyaların da əhəmiyyətli dərəcədə artırılması təmin edilib.

İctimai təşkilatların rəhbərləri Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin rifahı naminə görülən işlərin, eyni zamanda onların mənzillə təmin edilmələrinin ölkəmizdə aparılan güclü sosial siyasətin daha bir təzahürü olduğunu qeyd ediblər.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri Prezident İlham Əliyevin daim həssas qruplara, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə xüsusi qayğı göstərdiyini məmnunluq hissi ilə vurğulayıblar. Onlar sosial təminatlarının gücləndirilməsi üçün atılan mühüm addımlara, bu gün müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı yeni mənzillərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər