21 Noyabr 2019 09:34
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məktəblərdə ciddi narahatlıq doğuran problemlərdən biri də kişi müəllimlərin sayının getdikcə azalmasıdır” – bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bunun başlıca səbəbi müəllimlərin ev və əmək haqqı problemidir.

Mövzu ilə bağlı Təhsil eksperti Kamran Əsədov Teleqraf.com-a açıqlamasında deyib ki, Qarabağ müharibəsi, iqtisadi çətinliklər böyük sayda kişi müəllimi bu sahədən uzaqlaşdırdı.

Ekspertin sözlərinə görə, kişi müəlimlərin olmaması birbaşa şagirdlərin psixoloji inkişafına təsir edir: “Kişi müəllimlərin azlığı oğlanlarda kişi xarakterinin formalaşmasını zəiflədir. Ailədaxili münaqişlərin baş verməsi, uşaqlar arasında xoşagəlməz hadisələrin çoxalmasının kökündə bu səbəb dayanır”.

Kamran Əsədov hesab edir ki, əmək haqqı problemləri kişi müəllimlərin təhsil sektoruna gəlməsinə ciddi maneədir: “Hazırda müəllimlərə bir ştata görə 500 manat maaş verilsə də, bu, bütün müəllimləri əhatə etmir. Prezidentin sərəncamından sonra 5 mindən çox müəllim min manatdan artıq əmək haqqı alsa da, 5 min nəfər arsasında kişi müəllimlərin sayı o qədər də çox deyil”.

Ekspertin fikrincə, milli genefondun qorunub saxlanması üçün kişi müəllimlər təhsil müəssisələrinə qayıtmalıdır: “Məktəblərdə baş verən neqativ hallarda kişi müəllimlərin məktəbdə azlığı ciddi rol oynayır. Yeniyetmələrin özlərindən böyük, dözümlü, müsbət xarakterli şəxslərə oxşamaq meyilləri həmişə olub və indi də var.

Hazırda orta məktəblərdə kişi müəllimlər daha çox bədən təbiyəsi, hərbi fənləri üzrə dərs deyirlər, digər fundamental fənlərdə isə kişi müəllimlər yox dərəcəsindədir. Bu da şagirdlərin inkişafına bilavasitə təsir göstərir”.

Orta məktəb müəllimi Əfsanə Əzimova düşünür ki, kişi müəllimlərin azlığı oğlanlara mənfi təsir göstərir: “Oğlanlar kişi müəllimləri ideal olaraq görürürlər. Bu, onların şəxsiyyət kimi yetişmələrinə təkan olur. Qızlar isə xüsusilə, 10-11-ci siniflərdə kişi müəllimlərinə simpatiya bəsləyirlər”.

Onun sözlərinə görə, şagirdlər həmcinsləri olan müəllimlərlə daha rahat ünsiyyət qururlar: “İbtidai siniflərdə ümumiyyətlə kişi müəllimlərinə rast gəlinmir. Daha çox coğrafiya, tarix, hərbi fənləri kişi müəllimlər tədris edirlər. Oğlanların özlərinə nümunə götürməsi, formalaşması üçün kişi müəllimlərinin olması vacibdir”.

Psixoloq Gülnarə Əliyeva isə düşünür ki, müəllimin kişi, yaxud qadın olmasının fərqi yoxdur: “Müəllim yaxşı pedaqoq olduğu kimi, yaxşı da psixoloq olmalıdır. Valideyndən sonra uşağın həyatında ən vacib yer tutan, yaxud ona ən çox travma yaşadan müəllimlərdir”.

Psixoloqun fikrincə, ibtidai sinif müəllimlərinin qadın olması daha düzgündür: “İbtidai sinif şagirdləri qadın müəllimi ikinci ana kimi dəyərləndirir və ehtiyaclarını daha rahat ifadə edirlər”.

Gülnarə Əliyeva hesab edir ki, yuxarı siniflərdə kişi müəllimlərinin çoxluğu daha arzuolunandır: “Şagirdlər günün böyük qismini məktəb və hazırlıqlarda keçirdikləri üçün elm-savad öyrənməklə yanaşı, mənəvi tələbatlarını da ödəyirlər. Vacib olan kişi müəllimlərimizin kişi prototipini uşaqların beynində düzgün canlandırmasıdır”.

Aysel Azad


Müəllif: Teleqraf.com