“Könüllülər ili” çərçivəsində Şamaxı şəhərində Azərbaycanda ilk dəfə olaraq sağlam qida istehsalçıları ilə qida könüllülərini bir araya gətirən “Sağlam Qida” Könüllülərinin Şamaxı Forumu keçirilib. Layihənin rəhbəri və təşkilatçı Məhsəti Hüseynova forum haqqında Teleqraf.com-a danışıb.
- Məhsəti xanım, necə oldu ki, bu forumu keçirmək qərarına gəldiniz?
- Davamlı olaraq ölkədə və ölkə xaricində müxtəlif konfranslarında sağlam qidalanma və sağlam həyat tərzi mövzusunda məruzəçi olaraq çıxışlarım olur. Layihə rəhbəri kimi davamlı olaraq “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyevlə birlikdə bu mövzuda maarifləndirici forumlar keçirməyə çalışırıq. Çünki sağlamlıq bizim ən böyük sərvətimizdir.
Ötən ilin iyun ayında ilk dəfə Bakıda “Sağlam Qida Könüllülərinin 1-ci Respublika Forumu” keçirdik. Məlumdur ki, Prezident İlham Əliyev 2020-ci ili “Könüllülər ili” elan etdi. Bunula əlaqədar olaraq, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Zeytun Bağları”nın birgə təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində Şamaxı şəhərində Azərbaycanda ilk dəfə olaraq sağlam qida istehsalçıları ilə qida könüllülərini bir araya gətirən “Sağlam Qida” Könüllülərinin Şamaxı Forumu keçirdik.
- Forum necə keçdi?
- Əsas məqsədimiz insanları, xüsusilə də yeniyetmə və gəncləri zərərli vərdişlər, qeyri-sağlam qidalanma nəticəsində düçar olduqları xəstəliklərdən xilas etməkdir. Tədbir iştirakçılarına günü-gündən gəncləşən ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkinmək, onlarla mübarizə imkanlarının mümkünlüyü, sağlam qidalanma və düzgün həyat tərzilə əlaqədar olaraq ətraflı şəkildə məlumat verdik.
Panellər "Qida təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsidir”, "Çətinliklər, görülən işlər və hədəflər”, "Sağlam qida sağlam gələcəyin təminatıdır”, "Sağlam həyat tərzinin təbliğində könüllülərin rolu” mövzuları ətrafında iştirakçılarla birlikdə maraqlı diskusiyalar aparıldı.
- Yəqin ki, bu böyük tədbiri təkbaşına idarə etmədiniz...
- Forumda aidiyyəti üzrə rəsmi qurumların nümayəndələri, elm adamları, idmançılar da daxil olmaqla ümumilikdə150 nəfər iştirak etdi. Eyni zamanda məruzəçilər arasında AQTA-nın Şamaxı şöbəsinin baş məsləhətçisi Röyal Mirəzizli, “Azərsun” Holding Araşdırma və təkmilləşdirmə üzrə baş mütəxəssis Tural Babayev, Qida mühəndisi İsa Əliyev, Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Günay Quluzadə yer almışdı.
- Forumda www.saglamqida.az saytı təqdim olundu. Saytın fəaliyyəti haqqında məlumat verə bilərsiz?
- Saytla bərabər “Feysbuk” və “İnstaqram” səhifələrində birliyin “Qida təhlükəsizliyi hərəkatı” səhifəsi var. Bu səhifələrdə davamlı olaraq sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin ziyanları və ondan xilas olmağın yolları, asudə vaxtın səmərəli keçirilməsi haqqında məlumatlar yer alır. Eyni zamanda, düzgün və sağlam qidalanma rejimi, zərərli və faydalı qidalar, onları ayırd etmə üsulları haqqında məlumatlar paylaşılır və bu istiqamətdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət orqanlarının fəaliyyətləri, hesabatlar, görüntülü maarifləndirici videolar yer tutur.