29 Sentyabr 2014 15:54
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji təminatının aktual məsələləri" mövzusunda elmi-praktik konfrans keçirilib.

Cəbhə bölgəsində yerləşən N saylı hərbi hissədə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən təşkil olunan "Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji təminatının aktual məsələləri" mövzusunda elmi-praktik konfrans keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərliyi ilə keçirilən tədbirdə nazirliyin müvafiq idarə, xidmət, şöbə rəisləri, Əlahiddə Ümumqoşun Ordusunun, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəsissələrinin komandir və rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri, psixoloqlar, hərbi xidmətdə fərqlənən, zabitlər, gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və əsgərlər iştirak ediblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrik nitqi oxunduqdan sonra Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji təminatının aktual məsələlərinə dair məruzə və çıxışlar edilib, geniş müzakirələr aparılıb, təklif və tövsiyələr verilib.

Sonra general-leytenant Kərim Vəliyev giriş nitqi söyləyərək bildirib ki, son zamanlar Silahlı Qüvvələrdə aparılan islahatlar şəxsi heyətin döyüş əzminin, mənəvi-psixoloji və peşəkar hazırlığı səviyyəsinin yüksək olduğunu deməyə əsas verir: “Ordu quruculuğunun əsasını təşkil edən mənəvi-psixoloji təminat Silahlı Qüvvələrin döyüşə hazır olmasının ən əsas göstəricilərindən biridir. Ordu potensialına görə güclü ola bilər, lakin şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yetərincə deyilsə, o ordu məğlubiyyətə düçardır. Bizim ən əsas vəzifəmiz ordunun döyüş qabiliyyətini artırıb, torpaqlarımızı düşməndən azad etməkdir. Yüksək nizam-intizam, təşkilatçılıq, şəxsi igidlik, qəhrəmanlıq nümunələri və bacarıq şəxsi heyətin zəruri keyfiyyətləridir. İnsan faktoru ən vacib faktor kimi qalmaqdadır, bunu hər kəs bilməlidir”.

Qeyd edilib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə ordumuzun maddi-texniki təminatı günbəgün güclənir, şəxsi heyət müasir texnika və silahlarla təchiz olunur.

Konfransda Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirov "Silahlı Qüvvələrdə Şəxsi Heyətin mənəvi-psixoloji təminatının aktual məsələləri" mövzusunda geniş məruzə ilə çıxış edib.

Sonra "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında şəxsi heyətin tərbiyəsi", "Şəxsi heyəti torpaqlarımızın işğaldan azad olunmasına səfərbər etmək qarşımızda duran mühüm vəzifədir", "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə aparılan tərbiyə işinin əsas xüsusiyyətləri", "Hərbi qulluqçularla fərdi tərbiyə işinin və psixoloji testlərin təşkili", "Silahlı Qüvvələrdə nizamnamədənkənar münasibətlər və onların qarşısının alınması sistemi", "Silahlı Qüvvələrdə hüquq qaydalarının möhkəmləndirilməsi", "Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələri əməkdaşları ilə işin təşkli", "Zabitlərin peşə hazırlığı və təkmilləşdirilməsi işinin vəziyyəti", "Şəxsi heyətin qəhrəmanlıq ənənələri ruhunda tərbiyəsi" və digər mövzularda çıxışlar dinlənilib.

Sonda müdafiə nazirinin əmrinə əsasən Silahlı Qüvvələrdə keçirilmiş "Ən yaxşı ictimai-siyasi hazırlıq qrupu", "Ən yaxşı təşviqat işi" müsabiqələrinin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıb. Müdafiənin ön xəttində xüsusilə fərqlənən hərbi qulluqçulara Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təsis etdiyi "Vətənə nümunəvi xidmətlərinə görə" mükafatı təqdim olunub.

Konfransın yekununa dair qətnamə qəbul edilib və tədbirin materiallarının toplu şəklində çap olunması qərara alınıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər