Hasilatın müvəqqəti məhdudlaşdırılması nəticəsində SOCAR-da sərbəstləşən işçilərin əksəriyyəti quyuların konservasiya işlərinə və avadanlıqların texniki xidmətinə cəlb olunacaqlar.
Teleqraf.com xəbər verir ki, bu barədə SOCAR-ın yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, hazırda bəzi yataqların istismarının dayandırılması ilə bağlı işçilərin kütləvi surətdə ixtisara salınması gözlənilmir: “Sərbəstləşən işçilər isə Kadrların Ehtiyat Bazasına (KEB) daxil ediləcək, onların SOCAR-ın müəssisə və təşkilatlarının siyahı tərkibində saxlanılması üçün əmək qanunvericiliyinin verdiyi imkanlar çərçivəsində tədbirlər görüləcək.
Şirkətdaxili vakansiyalar üzrə (əgər həmin ixtisas üzrə KEB-də namizəd varsa) kənardan işə qəbulun dayandırılması və vakansiyaların KEB-də mövcud olan işçilər hesabına yerləşdirilməsi, eləcə də işçilərin yenidən hazırlanması və yeni peşələrə yiyələnmələri üçün kadr hazırlığı mərkəzlərində təlimlərə cəlb olunması da nəzərdə tutulub”.