“Mücrü” nəşriyyatının qurucusu, yazıçı Müşfiq Xanın Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Kitab bazarında vəziyyət nə yerdədir, ölkəmizdə kitab sənayesi formalaşa bilibmi?
– Mövcud karantin vəziyyətinə görə nəşriyyatların, kitab yayımçılığı ilə məşğul olan qurumların fəaliyyəti daha da tilsimə düşdü. Nəzərə alsaq ki, karantinəqədərki dövr də ürəkaçan deyildi, bu halda bugünkü donuq mənzərəni təxmin eləmək o qədər də çətin deyil. Kitab sənayesinə gəldikdə, əlbəttə, yetərincə püxtələşmiş nəşriyyatlarımız, peşəkar naşirlərimiz, poliqrafik göstəriciləri yüksək olan məbəələrimiz var. Lakin istehsal olunan istənilən əmtəə kimi kitab da istehlak, alınması və satılması üçün, dolayısı ilə oxunması üçün çap edilir. Çörəyə, qidaya, suya olan bioloji tələbatımızla, kitaba olan tələbatımızı az da olsa, ayaqlaşdırmağa çalışmadıqca, bu sahədəki bütün çabalar sönük, uğursuz olacaq.
Mən bilirəm ki, əksəriyyət üçün bu ayaqlaşmanı təsəvvür etmək çox gülməli görünür. Əfsuslar olsun ki, bir çox ailələrdə dünyanın düz vaxtı gərəksiz əyləncəyə məsrəf edilən pulların cüzi hissəsi belə ay ərzində yeni kitabların alınmasına sərf edilmir.
- Nəşriyyatların əsas problemləri nələrdir?
– Kağız və çap üçün gərəkli olan digər vəsaitlər kifayət qədər bahadır. Kitabın nəşrə hazırlığı məşəqqətli-zillətli bir prosesdir. Üstəlik çap xərclərinin baha olmasını, oxucularla bağlı az əvvəl dediklərimi nəzərə alanda, ümidsizliyə qapandığımız anlar çox olur.
- Bizdə bu məsələ necədir: nəşriyyatlar oxucunun zövqünü formalaşdırır, yoxsa oxucu zövqünə uyğun fəaliyyət göstərir?
– On ikinci ilə keçdi ki, eyni işlə – kitab yayımçılığı ilə məşğulam. Oxucularımızın nə istədiklərini əlimin içi kimi bilirəm. Əlbəttə, bunu zaman-zaman nəzərə alırıq. Elə buna görə də müxtəlif janrlı kitablara müraciət edirik. Bununla yanaşı arzusunda olduğumuz, ana dilimizdə oxucularımıza çatdırmaq istədiyimiz dünya ədəbiyyatı nümunələrini də nəşr edirik.
- “Mücrü”nün fəaliyyəti haqda danışardınız: prinsipləriniz nələrdir, hansı yenilikləri planlaşdırırsınız, nəşr etdiyiniz kitablara maraq varmı?
– Naşirliyimin ikinci onilliyi “Mücrü”nün qismətinə yazıldı. Deyərdim ki, bu, fəaliyyətimdə ən məhsuldar dövrdür. Beş aya yaxındır fəaliyyətə başlamışıq. Qısa zaman kəsiyidir. Nəşriyyat öz işindədir, bununla yanaşı, “Mücrü”nün adaşları fəaliyyətə başlayıb: uşaq dərgisi, ədəbiyyat və sənət portalı, kitab evi, kitab klubu. Yaxın vaxtlarda ədəbiyyat mükafatı da təsis edəcəyik.
Nəşriyyat hazırda 6 bədii ədəbiyyat seriyası üzrə nəşrlər hazırlayır. “Proza” seriyası yerli yazıçıları, “Poeziya” seriyası isə şairlərimizi nəşr edir. Tərcümələrimiz nəsrdə “Zirzəmi”, poeziyada isə “Çardaq” seriyasına aid olub, azərbaycanlı oxucunu dünya ədəbiyyatı nümunələri ilə tanış etmək məqsədi daşıyır. Bizim müəlliflərin ilk kitabları “Addım” seriyasında, gənc yazarların kitabları “Dəstək” seriyasında işıq üzü görür.
Bununla yanaşı, uşaqlar üçün “Çoxbilmiş” seriyası, ali məktəblərə və digər imtahanlara hazırlaşanlar üçün “Abituriyent” seriyası fəaliyyət göstərir.
- Xarici ölkələrdən kitab idxalı planlaşdırırsınızmı, hansı müəlliflərə üstünlük veriləcək?
– Buna ciddi diqqət ayırmışıq. Başlanğıcda seçdiyimiz xarici müəlliflərin yalnız bir əsərinin müəlliflik hüquqlarını Azərbaycanda nəşr üçün alacağıq. Bununla məqsədimiz oxucularımızın daha çox imza tanımasıdır. Bunların sırasında redaktorlarımızın seçdiyi müəlliflər də var, oxucuların türk, ingilis, rus və başqa dillərdə maraqla qarşıladığı kitabların müəllifləri də. Burda demək olar hər janrdan əsərlər var. Başlanğıc üçün 50-yə yaxın əsər seçmişik. Dediyim kimi, hər müəllifə bir dəfə müraciət etmişik.
- Yazarlarımız şikayətçidir ki, kitablar qazanc gətirmir. İllərdir nəşriyyat işindəsiniz, bu şikayətdə həqiqət payı nə qədərdir?
– Haqlıdırlar. Mən də müəllifəm. Vəziyyət həqiqətən ürəkaçan deyil. Ədəbi agentliklər sükan arxasına keçmədiyi müddətcə, bu belə də davam edəcək. Əlbəttə, istisnalar var, olacaq.
- Bəs bir yazıçı kimi ədəbi mühitimiz haqda nə düşünürsünüz, qazanclarımız nə qədərdir, mənfi tərəflərimiz nələrdir?
– Ədəbi mühit məni heç vaxt maraqlandırmayıb. İndi də maraqlandırmır. Maraqlandırması üçün maraqlı olması lazımdır, elə deyilmi? Bizim ədəbi mühitimizsə, boz və maraqsızdır. Yaradıcı, istedadlı, yaxud çalışqan, istedadsız müəlliflər var. Hərənin “öz əli, öz başı” prinsipinin ümidinə qalıblar. Bundan sonra necə olacaq, onu bir Allah bilir.
- Bədii kitablara münasibət bəllidir, kifayət qədər oxucuları var. Bəs elmi ədəbiyyata münasibət nə yerdədir, satışa çıxarılan elmi əsərlər özlərinə alıcı tapa bilirmi?
– Heyf ki, kifayət qədər deyil… Heç yetərincə də deyil. Ümumiyyətləsə, dediyim kimi, bədii kitablar nəbz düşüşü içindədi – əli-ayağı buz kəsib, heyi qalmayıb, başı gicəllənir. Elmi ədəbiyyatsa, heç vaxt populyar ədəbiyyat olmayıb, belə deyək, yerli nəşriyyatçılıqda prioritet istiqamət deyil. Elmi ədəbiyyatlar daha çox ali məktəb müəllimlərinin öz vəsaitləri hesabına, adətən həvəskar üsullarla çap etdirib tələbələrə satdığı kitablar səviyyəsində fəaliyyəti aşmır. Bunlarla müqayisədə metodik nəşrlər uğurlu və rəqabətədavamlıdır. Əlbəttə, kitabın içəriyi bu məsələdə çox önəmlidir. Vüqar Adilov, Muradxan Hüseynov və Surac Bəşirovun həmmüəllifliyi ilə yenicə nəşr etdiyimiz “Ədəbiyyat” kitabının satışı qısa zamanda digər bütün nəşrlərimizi ötüb keçdi. Bu istiqamətdə peşəkarlarla işləməyi həmişə üstün tutmuşuq.
- Ümumiyyətlə elmi, fəlsəfi əsərlərin tərcüməsi həyata keçilirmi, vəziyyət nə yerdədir?
– İmmanuel Kantın “Təhsil haqqında” əsərini yenicə nəşr etmişik. Hələ ki, gözlədiyimiz reaksiya yoxdur. Buna baxmayaraq, həvəsdən düşmək fikrimiz yoxdur. “Dünya fəlsəfə tarixi” seriyasını təsis etməyi düşünürük. Redaktorlarımızın son tövsiyələrindən sonra yəqin ki başlayacağıq.
- Bəs yerli müəlliflər: elmi fəaliyyətlərə üstünlük verənlər varmı?
– Az-az rast gəlinsə də, var. Bayaq bəhs etdiyiniz “oxucu zövqü” meyarını müəlliflərimiz daha çox nəzərə alır. Hansı janr, yaxud üslub daha çox məşhurlaşırsa, bu səpkidə əsərlərin də sayı sürətlə artır. Bu bir tərəfdən məyusedici olsa da, digər tərəfdən kitabçılığa stimuldur.
- Roman və hekayə kitabları da müəyyən qədər alınır. Bəs şeir kitabları? Deyəsən, o qədər alıcısı yoxdur.
– “Mücrü”nün nəşr etdiyi bədii əsərlər arasında son aylarda ən çox satanlar siyahısında İlham Tumasın “Casusluq, kəşfiyyat, müharibə tarixindən” araşdırma, Rövşən Yerfinin “Həyat etüdləri” povest və hekayələr və Fərid Hüseynin “Təkrarın tənhalığı” şeirlər kitabları ilk pillələrdədir. Ümumiyyətlə, haqlısınız, şeir kitabları nəsrlə müqayisədə 3-4 dəfə az oxunur. Əlbəttə, bu məsələdə imzalar önəmli, bəzənsə həlledicidir.
- Oxucular daha hansı yerli yazıçıların kitablarına üstünlük verir?
– Nəşr etdiyimiz müəlliflərdən Cəlil Cavanşirin “Eşq və intihar”, Xanım Anelanın “Yuxuların oğrusu” romanı, Vüsal Yurdoğlunun “Bətül” şeirlər, Nargisin “Metakədər” esselər və Çinarə Ömrayın “Mandarin” hekayələr kitabları böyük maraqla qarşılanıb.
- Bəs əcnəbi müəlliflərdən?
– Qriqori Petrovun “Bataqlıqlar ölkəsi” və Suzana Tamaronun “Kitablardan qorxan uşaq” kitabları ilə oxucularımızı tanış etmişik. Oxuyanlar çox bəyəndiklərini deyib təşəkkür edirlər.
- Bəzən tənqidçilərimizin dilindən o fikir səsləndirilir ki, yazıçılarımız düşüncənin məişət qatından o tərəfə keçə bilmir. Sizcə, ortaya qoyulan əsərlər bu qədər acınacaqlıdır? Halbuki dünya səviyyəsi ilə ayaqlaşan əsərlərimiz də az deyil.
– Dünyaya kitab bazarına, beynəlxalq kitab yarmarkalarına, beynəlxalq ədəbiyyat müsabiqələrinə çıxaracağımız, çıxara biləcəyimiz müəlliflərimiz də, əsərlərimiz də, müasir imzalarımız da yetərincədir. Nə yazıq ki, tənqidçilərimizin əksəriyyəti qərəzli düşünür, ikitirəlik salır, ögey yanaşır. Əslində onları qınamağa adamın dili də gəlmir, çünki peşəkarlıq səviyyələri normativlərə cavab vermir. Bu halda yeni əsərlərin, imzaların təbliğinin ağırlığı yenə naşirlərin çiyinlərinə yüklənir. Məşhur məsəldə deyildiyi kimi, güc doğana düşür…
- Azərbaycan oxucusunun ən sevimlisi demək olar, detektiv əsərlərdir. Bu janrda yazan bir yazıçı kimi nə düşünürsüz, sizcə, oxucuları niyə belə əsərlər cəlb edir?
– Qanqaraçılığı sevirik, yəqin buna görədir (gülür). Bir ara, təxminən beş il əvvəl ilə 3-4 detektiv roman yazıb çap edirdim. Oxucularım var idi. İndi də sağ olsunlar, oxuyurlar. Amma indi daha çox oxuyuram, nəşr edirəm. Janra gəldikdəsə, zarafat bir yana, insanımız o qədər qayğılı, problemlər məngənəsinin griftarıdı ki, kitab oxuyanda bir az əylənmək, yüngülləşmək, stresdən xilas olmaq istəyir. Bir sıra janrlar kimi detektiv də, bu istədiyini bizim oxucuya verə bilir. Detektiv janrın cik-bikinə bələd olan biri kimi deyə bilərəm ki, janrın dərindən incələyəndə, detektiv asan, rahat oxunan, çətin, böyük zehni əmək hesabına başa gələn bir janr nümunələri ərsəyə gətirmək deməkdi. Bunu hər yazıçı bacarmır. Bunu hər yazıçı bacara bilməz. Çünki bu dərin məntiq, yüksək intellekt tələb edir.
- Təxminən oxucunun nə oxuduğunu bilirsiniz? Seçimlərlə müqayisədə yerli oxucuları intellektual hesab etmək olarmı?
– Təxminən deməyək, çox yaxşı bilirəm. Kökündən baltalamayacam, çünki bu son dərəcə böyük haqsızlıq olar. İntellektual oxucularımız çoxdur. Nə oxumaq istədiyini bilən, mütaliə zövqü formalaşmış, kitab oxumağın, əsər seçməyin, müəllif tanımağın yolunu-yolağasını naşir qədər bilən oxucularımız var. Lakin bununla yanaşı naşı oxucularımız da var. Amma yaxşı ki var. Oxucularımızı nəzərdə tuturam, Allah hamısını var eləsin. Biz onlar üçün çalışırıq.