Təhsil Nazirliyi www.e-derslik.edu.az elektron dərslik portalı istifadəyə verilib.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, təhsil sisteminin tam şəkildə informasiyalaşdırılması bu qurumun prioritet məsələlərindən biridir. Portalın hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların informasiya-kommunikasiya texnologiyalarından (İKT) səmərəli istifadə etmələrinə, dərslikləri elektron formatda oxumalarına imkan yaratmaqdır.
Nazirlikdən bilirilib ki, bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artıracaq. Məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə biləcəklər. İstifadəçilər onlayn formada və ya planşetlərdə yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanacaqlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradacaq.
Elektron dərsliklərin digər üstünlükləri də var: əyani vəsaitlərin mövcudluğu - qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri; böyük həcmli məlumatların saxlanması; mətnlər üzərində qeydlərin aparılmasının mümkünlüyü; rahat istifadə - axtarış sisteminin mövcudluğu.
Hazırda altıncı sinif üzrə 10 dərslik elektron formatda e-dərslik elektron kitab rəfində yerləşdirilib. Bu ilin sonuna qədər yeddinci sinif üzrə 10, ikinci və üçüncü siniflər üzrə 5 dərslik də elektron formatda istifadəçilərə təqdim olunacaq.
SEVİL