10 İyun 2020 13:30
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Operativ Qərargah tərəfindən ölkədə karantin rejimi yenidən uzadıldı. Eyni zamanda 9 şəhər və rayonda həftəsonu sərt karantin rejiminin tətbiq olunacağı açıqlandı.

Aylardır davam edən pandemiya insanların səbrini tükəndirsə də, bu addımın atılması məqbuldur. Son günlər ölkəmizdə COVİD-19-a yoluxanların sayının kəskin artması bunu zəruri edirdi.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.

O vurğulayıb ki, ötən həftənin şənbə və bazar günləri də 4 bölgəmizdə sərt karantin rejimi tətbiq olunmuşdu və demək olar bəzi xırda məqamları nəzərə almasaq, həmin günlərdə elə bir gərginlik yaşanmadı, insanlarımız tələblərə əməl etdilər, anlayış göstərdilər:

"Artıq insanlarımız prosesin nə dərəcədə ciddi olduğunun fərqindədirlər. Vətəndaşlar düşünür ki, dövlətin atmış olduğu bütün önləyici addımlar onun sağlamlığı və təhlükəsizliyi üçündür. Buna görə də, hər bir insan özünün gigiyenik mühafizə tədbirlərinə əməl etməlidir".

Millət vəkili diqqətə çatdırıb ki, bir insan bu infeksiyaya yoluxmaqla onlarla insanın həyatını, sağlamlığını risk və təhlükə altına salır:

"Odur ki, hər bir kəs kimliyindən, tutduğu vəzifəsindən asılı olmayaraq, Operativ Qərargahın, TƏBİB-in, səhiyyə işçilərinin, mütəxəssislərin çağırışlarına, müraciətlərinə, xəbərdarlıqlarına, tətbiq edilən qaydalara, qərarlara birmənalı şəkildə riayət etməlidir. Heç kim laqeydlik, biganəlik, inadkarlıq, məsuliyyətsizlik göstərməməli, qaydalara və qərarlara əməl olunmasını qanuni şəkildə tələb edənlərə qarşı kobudluq, itaətsizlik etməməlidirlər".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər