26 Yanvar 2021 13:27
332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ikimərtəbəli yaşayış evində baş vermiş partlayışla bağlı cinayət işi baş verib.

Abeşron rayon prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, yanvarın 25-də saat 18:40-da Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə partlayışın baş verməsi baradə Abşeron rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Məlumat əsasında Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərkən ilkin olaraq müəyyən olunmuşdur ki, 1960-cı il təvəllüdlü Ziyafət Musayevaya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Nəsibə Zeynalova küçəsi, bina 1b ünvanında yerləşən 2 mərtəbəli evdə qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində 1988-ci il təvəllüdlü Aytən Musayevanın meyiti FHN-nin xilasediciləri tərəfindən aşkar edilmişdir. Hazırda həmin evdə qalması ehtimal olunan mərhum Aytən Musayevanın qızı 2012-ci il təvəllüdlü Fatimə Musayevanın axtarışları davam etdirilir.

Eyni zamanda həmin evdə yaşayan Aytən Musayevanın əri 1983-cü il təvəllüdlü Vüsal Musayev və sonuncunun oğlu - 2009-cu il təvəllüdlü Firudin Musayev,həmçinin 2006-cı il təvəllüdlü Xədicə Şükürzadə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.

Partlayış təsirindən həmçinin yaxınlıqda yerləşən digər binanın 4 sakini müxtəlif dərəcəli bədən xəsarətləri almış, orada yerləşən mənzillərə və 4 avtomobilə ziyan dəymişdir.

Qeyd edilən ünvanda yerləşən ikimərətəbəli fərdi yaşayış evində ağır nəticələrə səbəb olan partlayış hadisəsi baş verməsi faktına görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılmış cinayət işi 26 yanvar 2021-ci il tarixdə həmin Məcəllənin 225.3 və 308.2-ci maddələrinə tövsif edilmiş, Baş Prokurorluğun İstintaq idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilmişdir.

Hazırda mütəxəssis və ekspertlərin birgə iştirakı ilə hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparılaraq partlayışın baş vermə səbəbləri və partlayış nəticəsində dəymiş ziyanın müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

İş üzrə təqsiri olan şəxslərin dairəsinin müəyyən edilməklə məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər