Azərbaycan və Yaponiya seysmoloqlarının palçıq vulkanlarının öyrənilməsi və Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində əməkdaşlığı genişlənəcək.
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) informasiya şöbəsindən bildiriblər ki, bu barədə RSXM-nin baş direktoru Qurban Yetirmişli və Yaponiyanın “SHİNYEİ OYO S-İ” şirkətinin seysmik avadanlıqların istehsalı və tətbiqi üzrə baş mühəndisi Enji Koide arasında keçirilən görüşdə razılıq əldə olunub.
Enji Koide Azərbaycan seysmoloqlarının seysmik müşahidələrin aparılması, eləcə də palçıq vulkanları ilə zəlzələlər arasında əlaqənin öyrənilməsi üzrə əhəmiyyətli işlər gördüklərini və Yaponiyada bu işlərin böyük maraq doğurduğunu bildirib. Qonaq qeyd edib ki, biz gələcəkdə bu sahədə təcrübə mübadiləsini genişləndirmək niyyətindəyik.
Q.Yetirmişli ötən il Azərbaycan ərazisində baş verən vulkan püskürməsi zamanı aparılan seysmoloji müşahidələr haqqında məlumat verib.
Görüşdə, həmçinin Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin həyata keçirilməsi sahəsində Azərbaycan və Yaponiya seysmoloqları arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
NİGAR