Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunması ilə əlaqədar Pirşağıda çirkab sutəmizləyici qurğu tikiləcək. Yeni qurğu istismara verildikdən və ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Abşeron yarımadasının şimal hissəsində böyük bir ərazidə yaranan tullantı suları təmizlənmədən Xəzər dənizinə axıdılmasının qarşısı alınacaq.
Gələcəkdə Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa və digər yaşayış məntəqələrində toplanan tullantı suları bu qurğuda təmizlənərək zərərsizləşdiriləcək.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə, Pirşağı çirkab sutəmizləyici qurğusunun tikintisinə dair Azərbaycan hökuməti ilə Koreya İxrac-idxal Bankı arasında kredit sazişi imzalanıb.
Kredit sazişinin imzalanma mərasimində çıxış edən “Azərsu” sədri Qorxmaz Hüseynov bildirib ki, ötən il icrasına başlanılmış və Koreya hökuməti ilə birgə maliyyələşdirilən Kürdəxanı qəsəbəsinin su təchizatının yenidən qurulması layihəsi üzrə işlərin 70 faizdən çoxunun yerinə yetirilib.
Pirşağı çirkab sutəmizləyici qurğunun tikintisinə dair imzalanmış kredit sazişinə əsasən Pirşağı qəsəbəsində məhsuldarlığı 40 min kubmetr olacaq müasir tipli yeraltı çirkab sutəmizləyci qurğunun tikintisi üçün 43,5 milyon dollar kredit ayrılacaqr. Bu vəsait ilk 10 ili güzəştli olmaqla 40 il müddətinə, illik 0,2 faizlə veriləcək.
SEVİL