Şamaxı rayonunun Göylər kəndində İkinci Qarabağ müharibəsində şəhid olmuş Şahmurad İsgəndərovun adına çəkilən bulağın açılış mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, mərasimdə kənd sakinləri, yerli ziyalılar, ağsaqqallar, icra orqanlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Şahmurad İsgəndərovun keçdiyi döyüş yolundan bəhs edib, xatirəsinin daim əziz tutulacağını vurğulayıblar.
Şamaxı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cəlal Bayramov şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində işin davam edəcəyini, onların hər birinin adına küçə veriləcəyini bildirib.
İsgəndərov Şahmurad Natiq oğlu 1996-ci ildə anadan olub. 2020-ci ilin sentyabrında başlamış İkinci Qarabağ Müharibəsinə könüllü qatılıb. Ağdərə-Suqovuşan istiqamətində gedən döyşülərdə iştirak edib.
İşğal olunmuş torpaqlarımızın uğrunda ağır döyüşlərin birində yaralanıb. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra, noyabrın 17-də vəfat edib.
Qeyd edək ki, şəhid Şahmurad İsgəndərovun adına ehsan bulağını onun atası Natiq İsgəndərov çəkdirib.