11 May 2021 15:49
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanda fəaliyyətdə olan dini konfessiya rəhbərlərinin Məşvərət Şurasının təsis yığıncağı keçirilib.

Bu barədə Teleqraf.com-a İdarədən bildirilib.

Məlumata görə, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin iştirak etdiyi yığıncağın gündəliyinə Məşvərət Şurasının təsis edilməsi; Məşvərət Şurasının üzvlərinin təsdiqi və Sədrinin seçilməsi; Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurasının Əsasnaməsinin təsdiq edilməsi məsələləri daxil idi.

Təsis yığıncağının iştirakçılarına Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadə müraciət edərək bildirib ki, Azərbaycandakı multikultural və tolerant mühit, milli-mənəvi dəyərlərə göstərilən diqqət, qabaqcıl və müasir beynəlxalq standartlara cavab verən din-dövlət münasibətləri ölkəmizdə mövcud olan dini konfessiyaların aralarındakı əlaqələrin xarakterinə də ciddi təsir edib: "Biz belə hesab edirik ki, birgə fəaliyyətimizin daha mütəşəkkil və daha dayanıqlı davam etdirilməsi və daha səmərəli nəticələr əldə etmək üçün Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurası adlı qurumun təsis edilməsi yerinə düşərdi".

Çıxış edən dini konfessiya rəhbərləri də Məşvərət Şurasının yaradılmasının dinlərarası və din-dövlət münasibətlərinin təkmilləşdirilməsində vacib rol oynaya biləcəyini qeyd ediblər.

Müzakirə və çıxışlardan sonra A.Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Alban-udi xristian dini icmasının sədri Robert Mobili, Qafqaz Müsəlmanları İdarəsi sədrinin I müavini, müfti Salman Musayev Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının üzvləri kimi təsdiq ediliblər.

Müəyyən edilib ki, Məşvərət Şurasının tərkibi açıqdır və Məşvərət Şurasının Əsasnaməsini qəbul edən Azərbaycanda fəaliyyət göstərən digər konfessiyaların da müəyyən edilmiş qaydada həmin Məşvərət Şurasına daxil olmaq üçün müraciətlərinə baxıla bilər.

Məşvərət Şurasının sədri vəzifəsinə A.Paşazadə seçilib. Onun məlumatı dinlənilib və Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının Əsasnaməsinin layihəsi təkliflər nəzərə alınmaqla təsdiq edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər