11 İyul 2021 16:10
2 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Yazı

Azərbaycanda Mirzə Fətəli Axundzadədən başlayan, Məhəmmədağa Şahtaxtlı, Fərhad Ağazadə kimi aydınlarla davam edən əlifba islahatları Cümhuriyyət dövründə layihə şəklinə salınıb, Sovet hakimiyyəti illərində isə rəsmən qəbul edilib.

Həm əlifba təklifi, həm də komediyalarını Osmanlıda qəbul etdirib və tanıtmaq məqsədi güdən Axundzadə bu istəyinə nail ola bilməsə də, əlifba islahatında Osmanlı və Azərbaycan tarixşünaslığında mühüm yer tutub. Osmanlıdan Məcidiyyə nişanı ilə dönən Axundzadənin ideyaları XX əsrin əvvəllərində yenidən gündəmə gəlib, Azərbaycan Müəllimlərinin İkinci Qurultayında Fərhad Ağzadə, Abdullah Əfəndizadə, Süleyman Sani Axundov tərəfindən islah edilmiş əlifba təklifləri gündəmə gətirilib. Fərhad Ağazadə o illərdə latın əlifbası layihəsi hazırlasa da, dönəmin şərtlərinə uyğun olaraq qurultaya təqdim etməyib.

Azərbaycan Cümhuriyyətinin qurulmasından sonra bu məsələ daha geniş şəkildə gündəmə gəlib. 21 mart 1919-cu ildə bu mövzuda Xudadad bəy Məlikaslanovun məruzəsi dinlənilib, Xalq Maarifi Nəzarətinin tərkibində komissiya yaradılıb. Komissiyada üç layihəyə baxılıb: Abdullah Əfəndizadə, Məhəmmədağa Şahtaxtlı, Abdullah Tağızadə ilə Mirəziz Seyidovun ortaq projesi. Komissiya Abdullah Əfəndizadənin layihəsini qəbul edib, 1919-cu ildə “Son Türk əlifbası” adı ilə çap olunub. Fəqət Cümhuriyyətin işğalı prosesin tamamlanmamasına səbəb olub, bu baxımdan parlament üzvlərinin hansı düşüncələrdə olacağını bilmirik.

1921-ci ilin dekabr ayında Nəriman Nərimanovun təşəbbüsü ilə yenidən əlifba müzakirələrinə başlanılıb, nəticədə latınçılar və islahatçılar qrupu formalaşıb. Fərhad Ağazadənin rəhbəri olduğu latınçılar qrupunda Xudadad bəy Məlikaslanov, Abdullah Tağızadə, Məhəmmədəmin Əfəndizadə, Həmid Şahtaxtlı, Azad Əmirov, Əhməd Pepinov, Hüseyn İsrafilbəyov kimi aydınlar təmsil olunub. Nəticədə latınçılar qalib gəlib, 1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin tərkibində Yeni Əlifba Komitəsi yaradılıb. Komitənin ilk sədri Fərhad Ağazadə, daha sonra Səməd Ağamalıoğlu olub. Yeni Əlifba Komitəsi milli hökumət dövründə layihə təklifi edənlərdən Abdullah Tağızadə və Mirəziz Seyidovun təklifini qəbul edib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 20 oktyabr 1923-cü ildə verdiyi qərar nəticəsində latın əlifbası ərəb əlifbası ilə bərabərhüquqlu sayılıb. 27 iyun 1924-cü ildə verilən qərarla isə məcburi və dövlət əlifbası kimi qəbul edilib. Yeni Əlifba Komitəsi 27 avqust 1922-ci il tarixli yığıncağında latın qrafikası ilə “Yeni yol” adlı qəzetin çıxarılmasına da qərar verib. 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakıda keçirilən Türkoloji qurultayda da latınçılar qalib gəldiyi üçün 1 yanvar 1929-cu ildən Azərbaycanda tamamilə latın qrafikasına keçilib. Beləliklə, 1922-1928-ci illərdə Azərbaycanda ərəb və latın qrafikası bərabər istifadə olunsa da, 1929-cu ildən tamamilə latın qrafikası işlədilib. Türkiyədə də Tənzimat dövründən etibarən Osmanlıda əlifba islahatları ilə bağlı müzakirələr aparılsa da, bu müzakirələr ərəb

əlifbasının islah edilməsi yönümündə olub. Cümhuriyyətin elanından sonra isə latın əlifbası məsələsi gündəmə gəlib, nəticədə 1 noyabr 1928-ci ildə “Yeni Türk hərflərinin qəbulu və tətbiqi haqqında qanun” qəbul edilib.

Rəsulzadə əlifba haqqında nə düşünüb?

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə istər Çar Rusiyası dövründə, istərsə də Cümhuriyyət illərində yazdığı məqalələrində, eləcə də parlament üzvü kimi fəaliyyətində daima yenilikçi olub. Onun xüsusilə Avropaya yüz tələbənin göndərilməsi, Bakı Universitetinin açılmasındakı rolu əvəzsizdir. Bu baxımdan əlifba islahatı ilə bağlı onun düşüncələri də əhəmiyyətlidir.

Rəsulzadə 20 oktyabr 1913-cü ildə “İqbal” qəzetində “Əlifba bayramı” adlı məqalə yazıb, orada bəzi düşüncələrini bölüşüb:

“Bizim tam milli olaraq bir əlifbamız yoxdur. Biz türklər, bizim kimi farslar, vardırlar da (hindlilər) ərəb əlifbasından müstəfid olurduq. Məlum olduğu üzrə ərəb əlifbası şəkildən-şəklə düşərək bugünkü halına gəlmişdir. Farslar bu əlifbaya j, g, ç, p hərflərini əlavə etməklə işlərini keçirmişlər. Türklər də vücudi-ədəminə müvafiq olan “n” (nun) əlavəsilə ərəb-fars əlifbasını qəbul etmişlərdir. Bu surətlə biz türklər üçün indiki əlifbanın mövcudunu arayıb axtarmaqdan ziyadə ilk dəfə ərəb əlifbası ilə türkcə yazı yazan zati arayıb axtarmaq və onun haqqını özünə qaytarmaq bir vəzifədir. Bəlkə bundan daha əvvəlinə getmək də lazımdır. Çünki ərəb əlifbasına ehtiyac göstərmədən əvvəl türklərin özlərinə məxsus əlifbaları olmuşdur. Fəqət türk tarixi tarixlərin ən məchulu olduğundan bu gün bu əlifba haqqında məlumati-kafiyə vermək imkan xaricindədir. Əslən türklərin ibtidaidəki halları haqqında məlumat əxz eləmək müşkül bir işdir. Bu xüsuslarda az-çox məlumat ancaq Çin tarixlərindən əxz edilə bilər. Çünki türklərin işləri əvvəlcə çinlilərlə olmuşdur”.

Məqaləsinin davamında Rəsulzadə Nəcib Asım bəyə istinadən hunlardan etibarən başlayan və miladın VIII əsrində Orxon-Yenisey abidələrindəki formanı alan Türk əlifbasından bəhs edib.

23 mart 1914-cü ildə yenə “İqbal” qəzetində əlifba məsələsi ilə bağlı yazdığı “Mühüm bir xəbər münasibətilə” adlı məqaləsində Rəsulzadənin Osmanlıdakı əlifba müzakirələrini yaxından izlədiyini, “İslahi-huruf” cəmiyyətinin üzvlərinin bəzilərini şəxsən tanıdığını, ən əsası Ənvər paşanın ordunun istifadəsi üçün qəbul etdiyi əlifba şəklinə rəğbət göstərdiyini görürük: “Osmanlı Hərbiyyə nəzarətinin qəbul etdiyi hürufi-münfəsilənin nədən ibarət olduğu hələ məlumumuz deyildir. Zatən bu ikinci dərəcədə bir məsələdir. Əsas etibarilə orduya məxsus olmaq üzrə Ənvər paşa tərəfindən təzə bir əlifba qəbul olunduğu tarixi-islamda vaqe olan mühüm bir inqilabdır. Tərəqqiyə doğru bir inqilab bittəb bu böyük bir qədəmdir. Bu kimi qədəmləri hər kəs asanlıqla ata bilməz. Bu kimi qədəmləri ata bilmək üçün tarix çox nadir olaraq ancaq müstəsna vücudlar yaradıyor. Ancaq bu çox nüdrətlə yetişə bilən vücudlar istədikləri təqdirdə bir milləti ehya və şəraiti mühit müsaidə olduğu zamanlarda hər kəsin acısını hiss etdiyi ictimai vərəmlər üzərində lazım gələn əməliyyatı icra edərlər. Tarix bu kimi vəqə və şəxslərə biganə deyildir”.

Qeyd edək ki, Osmanlıda “Ordu əlifbası”, “Ənvəri yazı” və s. adlarla ifadə edilən bu islah edilmiş əlifba I Dünya müharibəsində xəbərləşmədə problem yaratdığı üçün daha sonra ləğv olunub.

Rəsulzadənin Çar dövründə yazdığı bu iki məqaləsindən aydın görünür ki, o, əlifba islahatçılarının fəaliyyətini həm Osmanlıda, həm Azərbaycanda yaxından izləyib, məlumatı olub, təqdir edib. Bu baxımdan onun Cümhuriyyət dövründə verəcəyi qərarla bağlı ipucu əldə etmək mümkündür. Lakin əlifba islahatı, xüsusilə də ərəb əlifbasından tamamilə vaz keçib, latın əlifbasına keçmək olduqca radikal addım olacaqdı. Ona görə də parlamentdə sərt müzakirələrin olacağını da ehtimal etmək mümkündür.

Sovet Azərbaycanı dövründə əlifba təklifi qəbul edilənlərdən Mirəziz Seyidov mühacirətdə ikən Əziz Alpoud adı ilə yazdığı xatirələrində siyasi cəbhədə olduğu kimi mədəni cəbhədə də Rəsulzadəni hədəf göstərib. Xatirələrinin “Latın əlifbası” başlıqlı bölümündə Alpoud yazıb: “... Ərəb hərflərini öyrənmək və lazım olanı yaza bilmək üçün lüzumsuz vaxt itirmək məcburiyyəti qarşısında qalırdıq. Bu sahədə özümə həmfikir yoldaşlar tapmağa çalışırdım... Bu sahə ilə dostum Məhəmmədhəsən Baharlı da məşğul olurdu. Yavaş-yavaş bu fikri qəzet vasisəti ilə müdafiə etməyə başlamışdıq. Lakin qarşımıza köhnə sosialist “Hümmət” partiyası qurucularından, sonradan isə “Müsavat” partiyası lideri Məhəmmədəmin Rəsulzadə çıxdı. Bu adam “islahatçı” idi. Yəni ərəb hərflərinin qorunub-saxlanılması və nəhayət, öyrənilməsini asanlaşdıracaq bəzi dəyişikliklərin edilməsini təklif edirdi. Bir neçə din adamı da onu dəstəkləyirdi”.

Alpoud xatirələrində Gəncədə ikən universitet tələbəsi Abdullah Tağıoğlu ilə tanış olduğuna sevindiyini qeyd edib: “Latın əlifbasının Azərbaycanda qəbulunu o da var qüvvəsi ilə dəstəkləyəcəyinə söz verdi. Biz hazırlığa başladıq. Əsas prinsipimiz mümkün qədər hərflərin işarəsiz olması idi. Yəni üzərində, altında hər hansı bir işarə qoymağa ehtiyac olmasın”. Alpoud Tağızadə ilə birgə hazırladığı əlifbanı təbliğ etmək üçün ibtidai məktəblərdən birində yığıncaq keçirdiklərini və orada şair Əhməd Cavadın şeirini latın hərfləri ilə yazılmış halda oxuduğunu qeyd edib. Baş nazir Nəsib bəy Yusifbəylinin bu əlifba məsələsinə dəstək olacağına söz verdiyini yazan Alpoud təşkil edilən bir toplantıdan da bəhs edib: “Toplantıya “islahatçı” Məhəmmədəmin bəy də gəlmişdi. Üstəlik, qəribə olduğu kimi, triqonometrik işarələrlə dolu gülünc bir təklifi də Məhəmməd Şahtaxtlı gətirmişdi... Nəhayət, Abdulla bəy ilə mənim birgə hazırladığım təklif qəbul edildi”.

Əziz Alpoudun qeyd etdiyi bu yığıncağın olma ehtimalı böyükdür. Hər halda parlamentə gedənə qədər bu səpkidə müxtəlif müzakirələr baş tutub. Əziz Alpouda inansaq, Rəsulzadənin bu illərdə ərəb əlifbasının islah edilməsi tərəfdarlarından olduğunu qəbul etməliyik. Çünki Rəsulzadənin yaxından təqib etdiyi Osmanlıdakı əlifba əncümənləri də əsasən ərəb əlifbasının islahından yana idi. Amma Əziz Alpoudun Tağızadə ilə birgə hazırladığı layihənin qəbul edilməsi məsələsi şübhəlidir. Çünki yuxarıda qeyd etdiyimiz kimi Abdullah Əfəndizadənin layihəsi Cümhuriyyət dövründə məqbul hesab olunub.

Rəsulzadənin islahatçı qanadda olduğu fikrini qüvvətləndirən bir amil də onun mühacirətdə ikən yazdığı məqalələrdir.

(Davamı var)


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər