Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2014-cü il 5 noyabr tarixində keçirilən növbəti iclasında AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev “Azərbaycan alimlərinin I qurultayının təşkili və keçirilməsi haqqında” məsələ ilə bağlı çıxış edib.
Teleqraf.com xəbər natiq məruzədə qeyd edib ki, AMEA-nın 18 aprel 2014-cü il tarixli Ümumi Yığıncağında Azərbaycan alimlərinin I qurultayının keçirilməsi haqqında qərar qəbul edilib. Qurultayın keçrilməsi müasir dövrün tələblərindən və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn elmin funksiya və vəzifələrini müzakirə edib Azərbaycanın elmi potensialını səfərbər etmək, ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı istiqamətində aparılan dövlət siyasətinə dəstək vermək, ölkənin akademik, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında çalışan tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək zərurətindən irəli gəlib. Məruzəçi qeyd edib ki, fundamental və tətbiqi tədqiqatların prioritetlərinin ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirmək, Azərbaycan elmini beynəlxalq elmi tələblərə uyğunlaşdırmaq istiqamətində aparılan islahatlara dəstək vermək, onun dünya elminə inteqrasiyası ilə bağlı mövcud problemləri müzakirə edib həlli yollarını müəyyənləşdirmək Azərbaycan alimlərinin qarşısında duran mühüm vəzifələrdəndir.
Qurultayın Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təkilatçılığı ilə 2014-cü il dekabrın 19-da keçirilməsi planlaşdırılıb.
Akademik Rasim Əliquliyev sonra bildirib ki, qurultayın işinin yüksək səviyyədə təşkil edilməsi üçün İşçi qrupu tərəfindən xüsusi tədbirlər planı hazırlanıb, qurultayın proqramı işlənilib və gündəliyi müəyyənləşdirilib.
Qurultayda xaricdə fəaliyyət göstərən nüfuzlu Azərbaycan alimlərinin, eləcə də dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin iştirakı gözlənilir.
Qurultayın gedişatının İnternet üzərindən canlı yayımlanması, çıxışların və müzakirələrin videokonfrans sistemi ilə təşkili də nəzərdə tutulub.
Sonda qurultayın işinin mədəni proqramla yekunlaşdırılacağı da iclas iştirakçılarının diqqətinə çatdırılıb.
NİGAR