Aşura ərəb sözüdür. Ərəb dilindən tərcümədə “onuncu” mənasını ifadə edir. Məhərrəm ayının onuncu - Aşura günündə Kərbəla hadisəsi baş verib. Kərbəla islam tarixində ən mühüm hadisələrdən biridir. Həmin gün peyğəmbərimizin nəvəsi İmam Hüseyn Əleyhissalam və onun silahdaşları Kərbəla çölündə qətlə yetiriliblər. O dövrdən başlayaraq müsəlmanlar dünyanın hər yerində bu hadisəni qeyd edirlər. Azərbaycanda da tarixən, hətta sovet dönəmində də ənənəvi olaraq Aşura mərasimləri qeyd olunub. Ənənəvi təziyə mərasimləri keçirilib və insanlar o mərasimlərdə iştirak ediblər.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.
O bildirib ki, bu il əlli nəfərdən çox olmamaq şərtilə insanlar məscidlərdə Aşura mərasimlərində iştirak edəcəklər: “Artıq ikinci ildir pandemiya şəraitində yaşayırıq və belə bir şəraitdə kütləvi tədbirlərin keçirilməsi mümkünsüzdür. Keçən il ümumiyyətlə, məscidlər pandemiya ilə əlaqədar bağlı idi.
İnsanlar məscidlərdə bütün qaydalara riayət edib, sosial məsafəni qorumalıdırlar. Aşura günü ibadət evlərində maskalardan, dezinfeksiya vasitələrindən istifadə etməlidirlər, məscidlərdə də icmalar bu prosesə nəzarət edəcəklər”.
Hacı Şahin qeyd edib ki, insanların bir çoxu pandemiya ilə əlaqədar mərasimlərdə iştirak edə bilmiədikləri üçün din xadimləri canlı yayım vasitəsilə çıxış edəcəklər: “Bu, sosial şəbəkələr üzərindən həyata keçiriləcək və insanlar öz evlərində də oturub bu xütbələri dinləyə, mərasimlərə öz evlərindən də qatıla biləcəklər.
Aşura günü qanvermə aksiyası da keçirilir. Ünvanlar Qafqaz Müsəlmanları İdarəsi tərəfindən göstərilib. Məscidlərdə bu il şərait olmadığından qanvermə aksiyaları tibb müəssisələrində təşkil olunacaq.
Mən bir daha insanlara müraciət edərək xahiş edərdim ki, yoluxma sayının artmasını nəzərə alaraq ümumiyyətlə, bütün tədbirlərdə elə hər zaman qaydalara riayət etməyə çalışsınlar. Bu, ciddi bir məsələdir. Məscidlərə də bu qaydalara ciddi şəkildə riayət olunacaq. Ümid edirik ki, bu, pandemiya şəraitində qeyd etdiyimiz son məhərrəm ayı olar və inşallah, gələn illərdən yenidən həyat öz axarına qayıdar, bu mərasimlər əvvəlki qaydada yenidən qeyd olunar”.