11 Noyabr 2014 17:24
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusların şousu iştirakçıları həyəcanlandırdı

Azərbaycanda ilk dəfə olaraq Bakı Elm Festivalı keçirilib. 10 noyabr – Beynəlxalq Elm Gününə təsadüf edən iki günlük tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə noyabrın 10-da başlayıb.

Festivalın açılış mərasimi “Akademiya şəhərciyi”ndə, AMEA-nın əsas binasında baş tutdu. Bakı Şəhər İcra Hakimiyyəti, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin təşkilatıçılığı, Dövlət Neft Şirkəti və “Azercell”in sponsorluğu ilə keçirilən festivalı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açdı. O bildirdi ki, ilk dəfə təşkil olunan Bakı Elm Festivalı elmi nailiyyətlərin təbliğində önəmli yer tutur. Tədbirdə akademiyanın bütün elmi müəssisə və təşkilatlarının iştirak etdiyini deyən AMEA prezidenti Azərbaycanda elmin inkişafı və qarşıda duran vəzifələrdən danışaraq festivala hazırlıq prosesini yüksək qiymətləndirdi.

Təhsil naziri Mikayıl Cabbarov, Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov festival haqqında fikirlərini bölüşdülər.

“Elm potensialı inkişafımız üçün vacibdir”

Əli Abbasov çıxışında, Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında elmin qarşısında qoyulan mühüm vəzifələrdən və bu istiqamətdə görülən işlərdən söz açdı. Özəl sektorun bu gün elmə daha çox ehtiyacı olduğunu vurğulayan nazir dedi ki, elmin, təhsilin inkişafı təkcə AMEA-da aparılan işlərdən asılı deyil, bu işlərdə cəmiyyət də yaxından iştirak etməlidir: “Cəmiyyətdə insan potensialı, elm və bilik potensialı gələcək inkişafımız üçün vacib amildir”.

Nazir dedi ki, innovativ sahibkarlığı gücləndirmək üçün elmi tutumlu ixrac potensialının gücləndirilməsinə yönələn məhsulların istehsalı o qədər də çox deyil, amma bu məqsədlə Azərbaycanın özəl şirkətlərinə maliyyə dəstəyinin verilməsi üçün xüsusi fondlar yaradılıb.

AMEA prezidenti nazirin fikrini təsdiqləyərək dedi ki, ölkəmizdə elmi nailiyyətlər mövcud olsa da, bu elmləri innovativ şəklə çevirmək, qlobal şəraitdə rəqabətədavamlı texnalogiyaların hazırlanması istiqamətində Azərbaycanda yenilik var.

Rus şoumenlərin tüstü əhvalatı...

Sonra festival bədii hissə ilə davam etdi. Əvvəlcə festivalın marşı səsləndi, ardınca “Azərbaycan” mahnısı oxundu, əyləncəli elmi şoular nümayiş etdirildi.

Qafqaz Universitetinin tələbələrinin kəşfi olan robot Azərbaycan milli rəqsini ifa etdi. Rusiyadan dəvət olunan şoumenlərin zala ağ tüstü buraxıb, alovdan şou düzəltmək istəyi qonaqların bəzisində narahatlıq da yaratdı. Hətta bu sönük şou zalda oturanlardan birinin “olub-qalan elm adamlarını burada tüstüdən boğmasalar yaxşıdır”, atmacasına da səbəb oldu. Sonra şoumenlərdən birinin Akif Əlizadəni səhnəyə dəvət edərək hazırladığı köpüklə akademikin əlini alovlandırması gülüş doğurdu və gərginliyi səngitdi.

Sərgidə gənc alimlərin elmi maraq kəsb edən tədqiqat işlərinin nəticələri, multimedia instollasiyaları, elmi şoular, robotların yarışı, AMEA-nın institutu və elçi təşkilatlarının yeni nəşrləri nümayiş olunaraq böyük maraqla qarşılandı.

“Azərbaycan məhsulu yoxdur”

Elmin maarifləndirilməsi funksiyasını yerinə yetirən “Planatarium” qeyri-kommersiya təşkilatının rəhbəri Famil Mustafa ilə söhbət etdik. Dedi ki, təşkilat xüsusilə uşaqlara elmlə bağlı məlumatları çatdırmaq üçün işlərin görülməsini vacib hesab edir: “Qarşıdan yeni il gəlir. Bununla əlaqədar rus dilindən Azərbaycan dilinə çevirdiyimiz cizgi filmlərimiz var. Ukrayna, Almaniya, Amerikadan filmlər əldə etmişik”.

Folklor İnstitutunun alimləri bildirir ki, onlarda uşaqlarımızın əylənməsi üçün gözəl folklor nümunələrimiz var. Hansı ki, bu folklor nümunələri uşaqlarımızı xaricdən Azərbaycana transfer olunan, balalarımızı gələcəyin potensial terroristinə çevirə biləcək oyunlardan, cizgi filmi səhnələrindən xilas edə bilər. Siz indiyədək Azərbaycan folkloruna aid uşaqlarımız üçün nə nümayiş etdirmisiniz? Sualımıza Famil Mustafa belə cavab verdi: “Təəssüf ki, bizdə Azərbaycanla bağlı uşaqlarımız üçün nümayiş olunacaq heç nə yoxdur. Funksiyamıza da belə məhsulları hazırlamaq yox, yaymaq daxildir. Əgər sırf Azərbaycana məxsus məhsullar hazırlanardısa, biz məmnuniyyətlə, bunu uşaqlarımıza təqdim edərdik, başqa dilə çevirib, yayardıq. Amma bu məhsullar tam ekranda, yüksək texnologiya ilə hazırlanıb, amma bunu Azərbaycanda bacara biləcək şirkət yoxdur. “Planetarium” bəlkə də yeganə əyləncə mərkəzidir ki, həm öyrədir, həm də əyləndirir”.

“Əyləndirən və düşündürən varinatlarımız var”

Sərgidə ən fəal Qafqaz Universitetinin tələbələri idi. Universitetin riyaziyyat-informatika fakültəsinin II kurs tələbəsi Yamən Əmrahova “Pifaqor pərvanəsi”, I kurs tələbələri “P”-riyaziyyatçılar klubunun üzvləri uşaqlar üçün riyaziyyatı əyləncəli öyrənmək üçün müxtəlif təkliflər, oyunlar hazırlamışdılar.

Fəridə Kamalova: “Əslində riyaziyyat göründüyü kimi darıxdırıcı, quru rəqəmlərdən ibarət fənn deyil. Klubumuzun üzvləri bu fənninin sevilərək öyrənilməsi üçün müxtəlif əyləndirən və düşündürən varinatlar hazırlayıb”.

Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən Sənət Mərkəzinin üzvləri isə Doğu Türküstana məxsus Ebru sənətinə istinadla təbii vasitələrdən istifadə etməklə “Su üzərində rəsm” nümayiş etdirdi.

Neft Akademiyasının II kurs tələbəsi Rəhman Salamov isə sürüşmənin sürətini təyin edən qurğusunu sərgiyə çıxardı.

Uşaqlar üçün təbii “plastilin”

Kimya-bilologiya təmayülünün tələbəsi Fidan Atakişiyeva çürümüş südə təbii boya qatmaqla təbii plastilin hazırladı. Həvəslə öz “ixtirasını” izah etdi: “Südü isidirəm, sirkə vasitəsilə çürüdürəm, qida üçün istifadə olunan istənilən rəng qatıram, süzüb, suçəkənlə suyunu tam alıram. Molekulyar quruluşlu birləşmə polimer birləşməyə çevrilir. Plastilindən fərqli olaraq bunun tərkibində kimyəvi qatqı yoxdur, uşaqlar üçün bunu əminliklə istifadə etmək olar. İstənilən fiqur düzəltmək mümkündür. Mən adətən bəzək əşyaları, suvenirlər hazırlayıram”.

Fidandan soruşduq ki, Azərbaycanın bəzi məktəblərində Kopernik Elm Mərkəzinin təbiət fənnlərinə dair əyləncəli və intellekti yüksəldən təcrübələri yayılır, bu təcrübələrdən hər hansı biri ilə tanışdırmı? Cavab verdi ki, bu barədə məlumatı yoxdur.

Fidanın əl işlərinə baxanlardan biri ona tövsiyə etdi ki, “Sabahın alimləri” Respublika Müsabiqəsində iştirak etsin: “Sabahinalimleri.edu.az-a daxil ol, qeydiyyatdan keç”.

Festivalın ikinci gününün proqramına isə ölkə alimlərinin ixtiralarına aid eksponatların nümayişi, maraqlı mühazirələr və əyləncəli elmi şouların nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, noyabrın 10-da Milli Azərbaycan Tarixi Muzeyi, Arxeologiya və Etnoqrafiya Muzeyi və digər yerlərə ümumilikdə səkkiz elmi ekskursiya təşkil olunub. Həmçinin, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat institutlarında, Azərbaycan Dövlət Neft Akademiyası, BDU, Azərbaycan Tibb Universiteti və digər ali məktəblərdə 23 elmi-populyar mühazirələr keçirilib.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər