Bu gün ən vacib məsələlərdən biri də minatəmizləmə əməliyyatları zamanı əhalinin maarifləndirilməsidir.
Teleqraf.com xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi mayor Gülçin Mehdiyeva "Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu" mövzusunda jurnalistlər üçün keçirilən seminar zamanı deyib.
O bildirib ki, mina təhlükəsi və əhalinin bu mövzuda maarifləndirilməsində medianın böyük rolu var: "Minanın nə olduğu, eyni zamanda partlamamış sursatların insana hansı təhlükənin yetirə biləcəyi jurnalistlər üçün bu günkü seminarda aydınlaşdıracağıq".
G.Mehdiyeva qeyd edib ki, bərpa və quruculuq işlərində iştirak edən şəxsləri ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunmuş və təmizlənmiş yollardan istifadə etməyə çağırırıq:
"Təbii ki, qeyri-qanuni yollarla işğaldan azad olunan ərazilərə keçən və keçmək istəyərkən saxlanılan vətəndaşlarımız az deyil. Bir daha xahiş edirik ki, həmin şəxslər bu cür səfərlərdən çəkinsinlər və qanunsuz yollarla ərazilərə keçməsinlər".