4 Fevral 2022 17:35
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19-un yeni ştammı olan Omikron təzəcə yayılmağa başladığından bu növün hansı təsirlərə malik olacağı ilə bağlı məlumat yox idi. Ümumi konsepsiyaya əsasən mutasiyaya uğramış COVID-19 ştammına qarşı çox həssas yanaşmaq lazımdır. Müşahidələr göstərir ki, yeni ştammlar başqa-başqa əlamətlərdə təzahür edir. Klinik təzahürlərin müalicə taktikası da fərqli olur. Bir müddətə qədər Delta ştammı çox sürətlə yayıldı. Burada klassik qrip əlamətləri özünü doğrultmurdu. Orqanizmdə temperaturun olması daha önəmli idi.

Bunu Teleqraf.com-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib.

Komitə üzvü qeyd edib ki, Omikron ştammında boğaz ağrısı, öskürək, temperaturun isə o qədər də yüksək olmaması mutasiya dövrünün isə olduqca qısa olması müşahidə edilir:

“Eyni zamanda digər kliniki əlamətlər, yorğunluq, halsızlıq COVID-19 ştammlarına xarakterik əlamətlər meydana çıxdı. Paralel olaraq bu növ Delta ştammından daha sürətli yayıldı”.

Millət vəkili bildirib ki, hələ də COVID-19-un təhdidləri qalmaqdadır:

“Virusun hansı mutasiyaya uğramasından asılı olmayaraq onun dərmanla müalicəsindən də ən önəmlisi insanların özlərini qorumasıdır. Kütləvi yerlərdən uzaq durmaq, maska və dezinfeksiyaedici məhlulardan maksimim istifadə hələ də vacibdir. Eyni zamanda vaksinasiya virusa qarşı mübarizədə mühüm amildir. Amma insanlarımız yoluxmada azalmalar qeydə alınan kimi sanki virusu bitmiş hesab edir. Kütləvi tədbirlərdəki sıxlıq nəticədə yoluxma faizini artırır”.

İlham Məmmədova görə, vaksin olunmayan insanlar virusa yoluxarkən çox ağır təzahürlərlə qarşılaşdılar:

“İnsanlar aldıqları vaksin dozalarına görə sağlamlıqlarını qoruyub saxlaya bilir. Bunda sonra qarşımıza yeni bir ştamm da çıxa bilər. Ümumdünya Səhiyyə təşkilatı da virusun sona çatdığını elan etməyib. Bu baxımdan da Omikronun geniş yayılması yaranmış arxayınçılığa görədir. Tövsiyə odur ki, insanlarımız vaksinləşmədə fəal iştirak etməklə özlərini və ətrafındakıları qorusun. Gözəgörünməz düşmən insanlığa qarşı ciddi mübarizə aparır. Amma biz artıq onun “taktikasına” bələdik. Bu “taktikaya” qarşı insanların əlində başlıca vasitə, vaksin var. Bundan istifadə etməliyik”.


Müəllif: Tapdıq Qurbanlı