Lənkəran sərhəd dəstəsinin dəniz səviyyəsindən 2500 metr hündürlükdə yerləşən, çətin iqlim şəraitinə malik olan “Qızyurdu”, “Törədi” və “Hamoşam” sərhəd zastavası kompleksləri əsaslı təmirdən sonra xidməti istifadəyə verilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, açılış mərasimində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqəti sayəsində DSX-nın bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin təmin olunması qeyd olunub.
Mərasim iştirakçıları sərhəd zastavalarında yataqxana, yeməkxana, istirahət, təlim şəhərcikləri, xüsusi təyinatlı otaqlar, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxanalar, idman meydançaları, avtomobillərin texniki sazlığının yoxlanılması və təmir edilməsi üçün qarajlar, zabit və gizirlər üçün zəruri mebel və avadanlıqlarla təmin edilmiş mənzillər və digər tikililər ilə tanış olublar.
DSX rəisinin müavini general-mayor A.Ələkbərov, Lənkəran sərhəd dəstəsinin rəisi polkovnik Z.Zeynalov, yerli ictimaiyyət nümayəndələri, sərhəd məntəqələrinin şəxsi heyəti mərasimdə iştirak ediblər.
BƏXTİYAR